Tarix : 2011 Jan 26
Kod 20975

''Ey Azərbaycan Yusifləri!''

.
Azərbaycan servisi/Aran agentliyi

Hər bir insan əziz olmaq istəyindədir. Bəziləri bu əzizliyi maşınlarını tez-tez dəyişməkdə, bəziləri gözəl paltarlarıyla məclisdə diqqət mərkəzində qalmaqda görür. Bəzilərinin də izzəti bundadır ki, desin “filankəsin qızı” ya “filankəsin oğlu”yam. Hər kəsin daxilində bu istək var və əziz olmaq üçün çalışır.
Allah-taala məktəbində bir nəfərin izzət yolu zindandan başlayır. Bu sözün ən böyük sübutu həzrət Yusifin(ə) əhvalatıdır. Quran buyurur ki, biz Yusifi əziz etdik. Paxıl qardaşlarının onu görməyə gözü olmadığı halda gəldilər və ona əziz adı verdilər. Ötən gün Səudiyyə Ərəbistanı şiələrinin rəhbəri Şeyx Əmri dünyasını dəyişdi. 90-a yaxın yaşı olan alim ömrünün 45 ilini zindanda keçirib! Əlbəttə, biz bu girişlə heç kəsə zindan istəmirik. Zindana düşməyi vəzifə olaraq və ya əzizlik üçün istəmirik. İslam əxlaqında vəzifə, post dalınca düşmək rəzillikdir. Lakin vəzifə bizi istədikdə ondan qaçmağı sadlövhlük sayırıq. Bəli, yersiz post və zindan istəmək rəzilliyə və axmaqlığa səbəb olur. Amma əgər bir gün vəzifə yaxud zindan bizi istəsə bu istəyi ilahi bir lütf kimi qəbul edib ona can atırıq. İlahi vəzifədən qaçmağı isə Allaha itaətsizlik hesab edirik.
Bu gün Azərbaycanda zindana atılan qardaşlarımız əsla özlərinə zindan istəmirdilər. O qardaşlar qeyrətli və məsuliyyətli olduqlarından zindan onların sorağına gəldi. Mən bu hadisələri və həbsləri ilahi bir müqəddərat hesab edirəm. Bu hadisələrdə Allahın böyük hikməti var. Başlıqda qeyd etdiyim kimi Allah həbs edilən qardaşları xalq üçün əziz etmək istəyir. Bəli, bu həbslər vaxtilə qonşu ölkələrdə baş vermişdi. Türkiyənin baş naziri Ərdoğan cənablarını misal göstərmək istəyirəm. Əzizimiz Ərdoğanı da Allah öncə zindana atdı, daha sonra xalq üçün baş nazir qərar verdi. Məncə Azərbaycan xalqının həqiqi nazirləri və məsulları elə inşallah zindanlardan çıxacaq. Əgər Oksfordla, Nəcəflə, Qum Elm Hövzəsi ilə zindan birləşəcəksə, bu fayda verəcək.
Quran lisanına görə zindan öz abır və həyalarını qoruyanları üçün seçimdir. Həzrət Yusif buyurdu: “Zindanı qəbul etmək mənim üçün abırsızlığı qəbul etməkdən daha gözəldir.” Bu gün də Azərbaycanda zindana düşən qardaşlarımız həzrət Yusifin (ə) sözünü deyirlər. Zindanı qəbul etmək hicabsızlığı qəbul etməkdən daha gözəldir. Həzrət Yusifin böhtanla zindana salınmasının sonu nə oldu – Misirin əzizi!
Ey Azərbaycan Yusifləri! Bunu bilin, əmin olun, siz bizim hicabımızın, abrımızın, həyamızın, qeyrətimizin, izzətimizin, dinimizin dustağısınız və həmçinin xalqımızın əzizlərisiniz. Biz sizin zəhmətlərinizi, isti yorğan-döşkəndən ayrı düşməyinizi əsla unutmayacağıq. Öz ruzimizdən kəsib sizə ayıracağıq, sizi tək buraxmayacağıq. Bu hadisələr Azərbaycanın tarixidir! Bu hadisələrdə kimlər nə mövqe tutub hamısı yazılır! Gələcək nəsillər kiminin mövqeyinə baxıb ilham alacaq, kiminin də mövqeyinə baxıb başını aşağı salacaq.
Bəli, belə məqamlarda təqvalı təqvasızdan, şücaətli şücaətsizdən, sadiq xəyanətkardan seçilir. Bu günün təqvalıları, şücaətliləri, sadiqləri zindana düşənlər, bir də bu missiyanı eşikdə davam etdirənlərdir. Xalqa əyləşin, filankəs-behmənkəs həll edəcək demək, xalqı çaşdırmaq, xəyanətdir. Bu xəyanət həm bilərəkdən ola bilər, həm də qəflətdən. Amma hər kəs doğrudan da təqvalıdırsa, Allah onu qoruyacaq və tezliklə qəflətdən oyadacaq. Oyanmayanların intizarında üzücü peşmanlıq var. Bu nəzmli dünya sahibsiz deyil və tezliklə haqq öz yerini tapacaq, hicab müdafiəçiləri də zalımlara qalib gələcək. İnşallah!

 

 

Hacı Abgül Süleymanov
HaqqYolu üçün 

 
  • Yazılıb
  • da (də) 2011 Jan 26