Son zamanlar doğma Azərbaycan Respublikasında dini məsələlərə aid proseslər bəlkə də hamıdan çox biz gürcüstanlı müsəlmanları çox narahat edir
Gürcüstan servsi/Aran agentliyi
Ölkənin orta məktəblərindəki hicab qadağası, həmçinin son həbslərlə bağlı Gürcüstanda yaşayan azərbaycanlı Ruhanilər, Dini İcmanın üzvləri və dindarlar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
İslam-Azeri.az İnternet qəzetinə Gürcüstandan verilən məlumata görə müraciətdə deyilir:
"Son zamanlar doğma Azərbaycan Respublikasında dini məsələlərə aid proseslər bəlkə də hamıdan çox biz gürcüstanlı müsəlmanları çox narahat edir. Biz, Gürcüstanda tam dini azadlıq mühitində İslam qanunlarına sərbəst riayət etdiyimiz halda, əhalisinin böyük əksəriyyəti müsəlman olan qardaş Azərbaycanda dindarların məscid, hicab və bir çox məsələlərlə bağlı sıxıntı və təzyiqlərə məruz qalması heç bir məntiqə sığmır. Qərb ölkələrindəki orta və ali məktəblərdə müsəlman qızlarının hicablı şəkildə elm ocaqlarında maneəsiz olaraq təhsil aldıqları halda bir müsəlman ölkəsində bu məsələ ilə əlaqədar qız uşaqlarının qadağalarla üzləşməsi həm xaricdə, həm də Azərbaycanda mənfi düşüncələr yaradır.
Türkiyə Cümhuriyyətində gedən ictimai-siyasi proseslərdən ibrət dərsi götürülməlidir. “İki dövlət, bir millət” şüarı səsləndirilən halda, qardaş xalqın son ümumxalq referendumunun nəticəsi unudulmamalıdır. Bu hadisələrlə bağlı bir neçə ölkədə tanınan və böyük və nüfuzlu din xadimlərinin həbsə atılması biz Gürcüstan ruhaniləri və müsəlmanları arasında böyük narahatlıq doğurub. Dünya azərbaycanlılarının həmrəyliyi və vəhdətindən danışan dövlət unutmamalıdır ki, əlli milyonluq Azərbaycan xalqı İslam dininə və onun dəyərlərinə bağlı bir xalqdır.
Biz ümid edirik ki, ən qısa zamanda bu qadaganın qaldırılması, məhbusların azad edilməsi ilə xaricdə və olkə daxilində yaşayan müsəlmanları sevindirəcəksiniz. Digər tərəfdən arzulayırıq ki, bütün varlıgımızla sevincinə-kədərinə hər zaman şərik oldugumuz Azərbaycan respublikasında bir daha islamofobiya yönümlü qanunlara qarşı çıxacaqsınız".