Səfirlikdə mühasib işləyən Nicat Qocayevin meyiti bu gün Azərbaycana gətirilə bilər
Azərbaycan servisi/Aran agentliyi
Şənbə günü Misirdə baş verən kütləvi etirazlar nəticəsində Misirdəki Azərbaycan Respublikası səfirliyinin əməkdaşı həlak olub.
"Şənbə günü Qahirədə vəziyyətin gərginləşməsi nəticəsində Azərbaycan səfirliyinin əməkdaşı Nicat Qocayev həlak olub", bunu XİN-ə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bildirib.
Misirdə vəziyyətin gərginləşməsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bazar günü Misirdə olan Azərbaycan vətəndaşlarının evakuasiya olunması üçün təyyarə yola düşəcək. Mərhumun cəsədi də bu təyyarə ilə vətənə gətiriləcək. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib.
Onun sözlərinə görə, hazırda uçuşun həyata keçirilməsi üçün lazım olan texniki tədbirlər görülür. Misirdəki Azərbaycan səfirliyi Azərbaycan vətəndaşlarının təhlükəsiz evakuasiyasını təmin etmək məqsədi ilə bütün lazımi tədbirləri həyata keçirir, Poluxov deyib.
Misirdə hal-hazırda 70-ə yaxın azərbaycanlı oxuyur və yaşayır.
Misirdə vəziyyətin gərginləşməsi və xalq etirazlarının genişlənməsi ilə sionist İsrail rejiminin Misirdəki səfiri və səfirliyinin işçiləri də tələsik ölkədən qaçmışdılar.
Misir xalqının Hüsnü Mübarək hökumətinə qarşı etiraz dalğası səbəbi isə 1981-ci ildə hakimiyyəti ələ keçirən Hüsnü Mübarək hökumətinin sionist rejim ilə əməkdaşlığı, yoxsulluq, işsizlik və müxaliflərin yatırdılması olub.
Tunis xalqının "Yasəmən" inqilabı bir neçə on illikdir ki, diktator rejimləri tərəfindən idarə edilən Misir, İordaniya və Yəmən kimi digər ərəb ölkələrinə sirayət edib.
"Yasəmən" inqilabının növbəti hədəfinin hansı ölkə olacağını isə zaman göstərəcək.