Tarix : 2011 Feb 03
Kod 21144

AZƏRBAYCANDA İNQİLAB YETİŞİR

.
Azərbaycan servisi/Aran agentliyi

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin tələsik növbədənkənar seçkilər qərarı verməsi Qərb təhlilçilərinin diqqətini neftlə zəngin keçmiş sovet respublikalarında dəyişiklik perspektivlərinə yönəldib. Xəbər verildiyi kimi, Nazarbayev bu qərarı Misirdə 30 ildir iqtidarda olan Hüsnü Mübarəkə qarşı günlərdir xalq etirazlarının davam etdiyi bir vaxtda verib. Baxmayaraq ki, o, cəmi bir neçə gün əvvəl səlahiyyət müddətinin seçkilər keçirilmədən 2020-ci ilə qədər uzadılmasına dair referendumla razılaşdığını açıqlamışdı.

ABŞ-ın aparıcı maliyyə və biznes çevrələrinə bağlı nüfuzlu “Bloomberg” agentliyinin təhlilində deyilir ki, Nazarbayevin bu qərarı Misirdə Mübarəkin rejimini silkələyən etirazların Qazaxıstanda da baş qaldıra biləcəyindən qorxması ilə bağlıdır. Agentliyin təhlilində deyilir ki, Tunis və Misirdə baş verənlər post-sovet regionundakı neft-qazla zəngin olan Qazaxıstan və Azərbaycanda müxalifətin ümidlərini artırıb.
Qazaxıstan parlamentinin keçmiş spikeri, müxalifətdə olan Sosial-Demokrat Partiyasının rəhbəri Jaremxan Tuyakbay agentliyə açıqlamasında deyib ki, Nazarbayev insanların səbrini sınağa çəkməməlidir və islahatlara getməlidir. “Əgər islahatlar aparılmasa, hakimiyyətin xalq tərəfindən devrilməsi qaçılmaz olacaq, biz Misirin aqibətini yaşaya bilərik”, - deyə, o bildirib. Qazaxıstan prezidentinin müşaviri Ermuxamed Ertısbayev isə deyib ki, Nazarbayevin bu ilə növbədənkənar seçkilər təyin etməsi onun reytinqinin kifayət qədər yüksək olması ilə bağlıdır. Onun sözlərinə görə, bu seçkilər ölkəni növbəti 5 ildə kimin idarə etməsi problemini həll edəcək. Orta Asiya üzrə britaniyalı analitik Anna Uolker isə hesab edir ki, seçkilərdə yenidən hakimiyyət başında qalacağı şübhə doğurmayan Nazarbayev varisini müəyyən etməyib, bu isə Qərb üçün qeyri-müəyyənlik deməkdir. “Qərb enerji ehtiyatları ilə zəngin bu ölkədə stabilliyin olmasında maraqlıdır, qeyri-stabilliyə aparan hakimiyyət dəyişikliyini heç kim dəstəkləməz”, - deyə, o bildirib.
Agentlik qeyd edir ki, regionda Qazaxıstan kimi ömürlük hakimiyyət praktikasının tətbiq edildiyi Azərbaycan da neft-qaz ehtiyatlarına görə Qərb üçün mühüm ölkədir. “Prezident səlahiyyətlərinə məhdudiyyətlərin götürülməsindən sonra İlham Əliyev hakimiyyətdə uzun illər boyu qala bilər. Bu isə hakim elitanın həyat səviyyəsi ilə geniş əhali təbəqəsinin həyat səviyyəsi arasında uçurumun mövcud olduğu ölkədə kütləvi xalq etirazlarını təşviq edə bilər”, - deyə Uolker bildirib. Analitikin fikrincə, Azərbaycanın Qazaxıstandan əsas fərqi ondadır ki, bu ölkədə neft-qaz ehtiyatları daha tez azalacaq. “Azərbaycanda həmçinin varlı elita ilə xalq arasında uçurum böyükdür, bu səbəbdən dəyişiklik üçün təzyiqlər daha tez başlaya bilər”, - deyə Uolker bildirib.
“Bloomberg” qeyd edir ki, Azərbaycanda dövlət televiziyası və qəzetləri Misirdəki hadisələrə çox az yer ayırır, lakin müxalifyönlü KİV-lər 82 yaşlı Mübarəkin devrilməsi perspektivlərini həvəslə işıqlandırır. Agentlik qeyd edir ki, “Yeni Müsavat” qəzetinin “Ordu xalqın tərəfinə keçdi. Mübarək qaçır” başlığını sitat gətirib. “Yanvarın 27-də prezident İlham Əliyev Dünya İqtisadi Forumuna qatılmaq üçün Davosa yola düşəndə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclasını çağırıb və korrupsiyaya qarşı tədbirlərin sərtləşəcəyini deyib. Qazaxıstan və Azərbaycan ”Transparensy İnternational"ın hesabatlarında dünyanın ən korrupsiyalaşmış ölkələri sırasındadır və müvafiq olaraq 105-ci, 154-cü yerləri bölüşdürür. Müqayisə üçün Tunis bu siyahıda 59-cu, Misir isə 98-ci sıradadır. Sıravi azərbaycanlılar şübhə edir ki, Azərbaycanın indiki hakimiyyəti korrupsiyaya qarşı mübarizə aparmağa hazırdır. Bakıda işləyən 48 yaşlı ingilis dili müəllimi Fuad Ağbabalı hesab edir ki, insanlar 21-ci əsrdə azadlıqlardan bəhrələnmək istəyir və korrupsiyalaşmış rejimlərdən yaxa qurtarmağa çalışır", - deyə məqalədə bildirilir.

Siyasət şöbəsi  

  • Yazılıb
  • da (də) 2011 Feb 03