Qiymətlərin qalxmasına etiraz edən sərnişinlər od püskürür; polis isə vağzalı gücləndirilmiş iş rejimində qoruyur
Azərbaycan servisi/Aran agentliyi
Rayonlara işləyən qatarlara biletin qiymətinin iki dəfə artırılmasına etiraz edən vətəndaşlar rayonlarına getməkdən imtina edir. Dünən Bakı Dəmiryol Vağzalından reportaj hazırlayarkən bunun şahidi olduq. Belə ki, Tarif (Qiymət) Şurasının “Azərbaycan Dəmir Yolları” QSC üzrə ölkədaxili sərnişindaşıma xidmətlərə dair təsdiqlədiyi yeni tarifləri açıqlanıb.
QSC-nin müraciəti əsasında ölkədaxili sərnişindaşıma xidmətlərinə də baxılıb, marşrutlar üzrə biletlərin qiyməti vaqonun tipindən asılı olaraq müəyyənləşdirilib. Yeni tariflər istiqamətlərdən və məsafədən asılı olaraq adi qatarlarda 3-19 manat, sürət firma qatarlarında 14-25 manat arasında dəyişir.
Bakı avtovağzalında isə vəziyyət həddən artıq acınacaqlıdır. Dünən vağzalda olarkən məlum oldu ki, günün hər saatında vətəndaşlar biletlərin qiymətinin qaldırılmasına öz etirazlarını bildirir. Hətta o da məlum oldu ki, buna görə sərnişinlərlə kassada bilet satan satıcılar arasında münaqişələr olur. Vağzalda söhbətləşdiyimiz sərnişinlər dedi ki, biletlərin bahalaşmasına etiraz edən bir neçə sərnişin polislərin köməyi ilə vağzaldan kənarlaşdırılıb. Həmçinin polis əməkdaşları gücləndirilmiş iş rejiminə keçirilib. Belə ki, kassalara giriş istiqamətində bir neçə polis işçisi insanları yoxlayıb vağzala buraxırlar. Girişdə polislər çantaları yoxlayarkən bunun səbəbini soruşuruq. “Necə yəni niyə yoxlayırıq? Sənin kimilərin təhlükəsizliyini təmin edirik də. Gündə bir ölkədə vağzalı partladırlar”, - deyə polislər cavab verir və çantamızı yoxlayır.
“Burada biletlərin qiymətlərinin qalxmasına görə narazılıq edən olurmu” sualımıza isə “narazılıq edən olur, onları da ərazidən uzaqlaşdırırıq”, deyə polis əməkdaşı cavab verir.
Kassaların qarşısında yığılan camaatın isə səsi bir-birinə qarışmışdı. Hamı biletlərin qiymətinin qaldırılmasına etiraz edirdi. Hətta kassirlərlə söz döyüşünə çıxan sərnişinlər də var idi. Belə olanda kassirlər dərhal polis çağırırdı.
Kassirlər və məlumat bürosunun əməkdaşları qanuna tabe olduqlarını və biletləri Tarif Şurasının qərarına əsasən satdıqlarını, heç bir qanunsuz hərəkət etmədiklərini deyir. Sərnişinlər isə tam başqa mövqedədir. 63 yaşlı Zakir Həsənov Ağstafaya bilet almaqdan imtina edib. Deyir ki, burada yaşadıqları rayona getməkdən imtina edən tək o deyil: “Bir saat ərzində 20-dən çox adam qiymətlərin qalxmasını görüb rayona getməkdən imtina etdi. Tək mən deyiləm. Hamı bizim günümüzdədir. Kiminin artıq pulu yoxdur ki, bilet alsın, kimi də qatarla getməkdən imtina edir. Məsələn, mən acığa düşüb rayona getmirəm. Bir saatdır burada müşahidə edirəm, görürəm ki, hamı geri qayıdır. Camaatın bu imkansız vaxtında qiymətləri qaldırıblar. Buna da baxmayaraq bilet satanlar insanlarla kobud davranır. Bir neçə dəqiqə qabaq yaşlı bir kişini narazı olduğuna görə acılayıb yola saldılar”.
Söhbətləşdiyimiz sərnişinlərin əksəriyyəti hazırkı durumdan çox narazıdır. Səkinə adlı sərnişin camaatın kütləvi şəkildə etiraz etməməsindən narazılıq edir: “Başqa ölkələrdə belə şey olanda camaat ayağa qalxıb etiraz edir. Misirdə camaat inqilab edir, bizdə isə bir qoca kişini bayaq tutub aparanda cavan uşaqlar ona tamaşa edirdi. Beş kişi qabağa çıxıb narazılığın bildirmir. Belə də iş olar? Bütün rayonlara biletlərin qiymətlərini qaldırıblar. Hamı girinc qalıb. Kassirlər də camaatla kobud davranır. Onlar insanların bu davranışını normal qəbul etməlidir. Çünki heç bir vətəndaş istəməz ki, qiymətlər bu qədər qalxsın”.
Etiraz edən vətəndaşlar isə deyir ki, qiymətləri qaldırmamışdan öncə xalqın vəziyyəti nəzərə alınmalıdır.
Elmin BƏDƏLOV