Tarix : 2011 Feb 05
Kod 21169

Yevlax İcra başçısı ilə ''Yeni Müsavat'' toqquşdu

Yevlax rayonunda “Yeni Müsavat” qəzetinin satışına qadağa qoyulub
Azərbaycan servisi/Aran agentliyi

Yevlax rayonunda “Yeni Müsavat” qəzetinin satışına qadağa qoyulub. Buna səbəb ötən gün qəzetdə dərc edilmiş “Yevlaxın icra başçısı Göygöldə üç villa tikdirib” başlıqlı məqalə olub. Bu barədə “Yeni Müsavat”a Yevlax sakinlərindən biri məlumat verib. Onun sözlərinə görə, qəzet köşklərdən Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin tapşırığı ilə yığışdırılıb.

Xatırladaq ki, bu, “Yeni Müsavat”la bağlı Yevlaxda baş vermiş üçüncü faktdır. Daha öncə də qəzetimizin satışına və yayımına bu sayaq əngəllər yaradılmışdı. İcra başçısı rəhbərlik etdiyi rayon, eləcə də özü barəsində tənqidi materialların dərc olunduğu nömrəni göstəriş verərək satışdan yığışdırır. Bu yanaşma feodal təfəkkürün məhsulu olsa da, Yevlax rəhbərliyi azad mətbuatla davranışı bu qaydalarla həyata keçirir. Bu məqamda qeyd edək ki, eyni davranışı ötən günlərdə Qazaxın da feodal təfəkkürlü başçısı həyata keçirib.
Vəkil Elçin Sadıqov icra başçısının belə bir səlahiyyəti olmadığını dedi. Onun sözlərinə görə, bütün ölkə ərazisində yayımlanma hüququna malik olan qəzetə qarşı bu formada senzura yolverilməzdir. Müsahibimiz bu halla bağlı qəzet rəhbərliyinin ölkə rəhbərliyinə və ya məhkəməyə müraciət etmə hüququ olduğunu xatırlatdı: ”Bu halda icra başçısı vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb oluna bilər. Bunun üçün müvafiq addım atılmalıdır”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu dedi ki, rayon rəhbərləri tənqidə ölkə rəhbərliyindən də az dözümlüdürlər: “Biz demək olar ki, hər sayımızda ölkənin rəhbərliyini tənqid edirik. Amma onlardan kimsə Bakıdakı qəzetləri yığışdırmır. Yerli rəhbərlər isə tam özbaşınalıq edirlər. Bu zəkasızlar bilmirlər ki, artıq zaman başqadır. Hər bir rayona gedən qəzetlərin nüsxələrindən daha çox orada bizi internet vasitəsi ilə oxuyanlar var. Konkret Elmar Vəliyevə gəldikdə isə, bu adam əslində indi həbsdə oturmalıydı - hamının bildiyi kimi, onu iş adamının qətlini sifariş verməkdə şübhəli bilirlər. Belə birisinin rayon başçısı olması yolverilməzdir. Biz bugündən ona qarşı kampaniyaya başlayırıq. Qoy nə qədər istəyir, o qədər yığışdırsın qəzetimizi. Biz də onu Yevlaxdan yığışdıracağıq”. 

  • Yazılıb
  • da (də) 2011 Feb 05