Tarix : 2011 Feb 05
Kod 21170

Misirdən 163 Azərbaycan vətəndaşı çıxarılıb

Yanvarın 30-da “Azərbaycan Hava Yolları” dövlət şirkətinə məxsus təyyarə ilə xüsusi çarter reysi vasitəsilə, 23-ü azyaşlı uşaq olmaqla...
Azərbaycan servisi/Aran agentliyi

XİN: Azərbaycan səfirliyi vətəndaşlarımızın təxliyəsini davam etdirir.

Misirdə 2011-ci il yanvarın 25-dən başlayan kütləvi iğtişaş və etiraz aksiyalarının daha da kəskinləşməsini, insan həyatına təhlükə yaradan halların meydana çıxmasını, Azərbaycan Respublikasının MƏR-dəki səfirliyinin əməkdaşı N.Qocayevin yanvarın 29-da həlak olmasını və onun cənazəsinin tez bir zamanda Azərbaycana çatdırılması zərurətini nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Misirdə müvəqqəti və daimi yaşayan azərbaycanlıların təxliyəsi təşkil olunub. Bu barədə məlumat ANS PRESS-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilib. Məlumatda deyilir ki, göstərişin icrası məqsədilə səfirliyimizdə operativ qərargah və qaynar xətt xidməti təşkil olunub, vətəndaşlarımızın qısa müddətdə və operativ şəkildə toplanması və hava limanına çatdırılması həyata keçirilib.

Yanvarın 30-da “Azərbaycan Hava Yolları” dövlət şirkətinə məxsus təyyarə ilə xüsusi çarter reysi vasitəsilə, 23-ü azyaşlı uşaq olmaqla, 103 nəfər azərbaycanlı, o cümlədən N.Qocayevin cənazəsi operativ qaydada və təhlükəsiz şəraitdə Vətənə çatdırılıb.

Misirdə siyasi böhranın və qeyri-sabit vəziyyətin davam etməsinə baxmayaraq, səfirliyimiz fəaliyyətini və Misirdə qalan Azərbaycan vətəndaşlarının təxliyəsini davam etdirib. Səfirlikdə qeydiyyata düşməyən vətəndaşlarımızın toplanmasında müəyyən çətinliklər olsa da, bütün vasitələrdən istifadə edilib, həmin vətəndaşlarımızla da əlaqələrin qurulması təmin olunub.

Yanvarın 30-da xüsusi reyslə həyata keçirilmiş təxliyə əməliyyatından sonra, yanvarın 31-dən fevralın 3-dək daha 60 nəfər Azərbaycan vətəndaşı Misirdən çıxarılıb, Türkiyənin Qahirdəki səfirliyinin dəstəyi ilə “Türk Hava Yolları” reysində İstanbul istiqamətinə yola salınıb. Az sayda digər bir qrup isə Moskvaya göndərilib. Onlar da İstanbul və Moskva şəhərlərindən “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarələrlə, heç bir xərc tələb olunmadan, Vətənə çatdırılıblar.

Ümumiyyətlə, bu müddət ərzində Misirdən yola salınan şəxslər arasında Azərbaycan vətəndaşları ilə bərabər, milləyyətcə azərbaycanlı və yaxud qarışıq ailələrin nümayəndələri, amma Rusiya və digər ölkələrin vətəndaşları da olub.

Misirdəki qeyri-sabit və təhlükəli vəziyyətə baxmayaraq, Azərbaycan Respublikasının MƏR-dəki səfirliyi, məhdud rejimdə olsa da, fəaliyyətini davam etdirir və müəyyən səbəblər üzündən hələ də bu ölkədə qalan vətəndaşlarımıza yardım göstərməkdə davam edir.

  

  • Yazılıb
  • da (də) 2011 Feb 05