Tarix : 2011 Feb 05
Kod 21174

Diktator Mübarək rejimi artıq süqut edib!

.
Beynalxalq servisi/Aran agentliyi

Fironlar ölkəsinin son fironu da belə getdi...

Dünyanın siyasi palitrasında rəng ahəngi ciddi şəkildə dəyişməkdədir. Və bu dəyişikliklər bizlərin gözü qarşısında baş verir. Dünya dəyişir və bizlər bu dəyişikliklərin şahidiyik...
Bu dəyişikliklərin növbəti ünvanı bəşər tarixində özünəməxsus yeri ilə səciyyələnən “fironlar ölkəsi” Misirdir. Və bu dövlətdə baş verən hadisələr yalnız ölkədaxili, hətta regional deyil, sözün həqiqi mənasında beynəlxalq xarakter daşıyır. Bütün dünyanın gözü indi bu böyük ərəb dövlətinə tuşlanıb. Son günlər bütün dünya KİV-lərinin durmadan barəsində danışdığı adam - Hüsni Mübarək. Və artıq onu “Misirin son Fironu” da adlandırırlar...
30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlmiş 82 yaşlı Məhəmməd Hüsni Seyid Mübarək düz 30 il öncə, 1981-ci ildə Qərbin dəstəyilə “ordu elitasının” təmsilçisi kimi hakimiyyətə gəlib. Belə ki, 1975-ci ildə vitse-prezident postuna keçən Hüsni Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünü məharətlə ələ keçirib. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb. 2005-ci ildə “ümumxalq səsverməsində” yenidən prezident seçilib.
Özündən əvvəlki dövlət başçılarının ənənəsinə sadiq qalaraq, ölkəni avtoritar üsulla idarə edib və artıq hakimiyyətə gəldiyi ilk dövrlərdən hərbiçi xarakterinə uyğun olaraq, əsl diktatora çevrilib. Misirin hakim çevrələrini ordu generalitetindən formalaşdıran və hakimiyyətdə qalması üçün millətinə, xalqına deyil, zor gücünə - xüsusi xidmət orqanlarına, polisə və orduya arxalanan Mübarək ölkədəki bütün real müxalifəti zəiflədib, sıradan çıxarmağa, faktiki olaraq hərbi rejim yaratmağa, amma bununla bərabər, eyni zamanda Yaxın Şərqdə Qərbin ən sadiq müttəfiqi qismində Qərb ölkələrinin tam dəstəyini qazanmağa nail olmuşdur. Mübarək həm də qeyri-adi məharətilə 60 ildir ərəb torpaqlarını işğal etmiş İsrailin ən yaxın dostuna, sirdaşına çevrilməyi bacarmışdır. Ən böyük ərəb dövləti olaraq, ən kiçik məsələdə belə İsraillə məsləhətləşən, onun sözü ilə oturub-durmağa adət edən Misir rejimi artıq “əbədilik” statusu qazandığını düşünürdü. Hər nə olursa olsun, Qərbin onu dəstəkləyəcəyini, İsrailin onu qoruyacağını, millətin isə artıq tam olaraq ram edildiyini, heç nəyə qadir olmadığını zənn edirdi. Mübarək özünü “ölməz” görürdü.
Misir hakimiyyətində güc strukturlarının rolu üzərində xüsusi dayanmaq lazımdır. Diktator rejimləri üçün xas olan bu durum onillərdir ki, bu “şərqsayağı respublikada” da nəzərə çarpır. Hərbiçilər bu rejimin onurğa sütününü təşkil edib. Və şübhəsiz ki, hərbi elita diktator Mübarəklə birlikdə, bu hakimiyyətdə öz paylarının da olduğunu, rejimə hardasa şərik olduğunu hesab edirdi. Amma son illər ağır xəstəlikdən əziyyət çəkən Hüsni Mübarəkin özündən sonra kiçik oğlunu – Camal Mübarəki hakimiyyətə gətirmə planı onun komandasında ciddi fikir ayrılığına, hətta daxili parçalamaya səbəb olmuşdur. Ordu ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan, əsasən “əli pulla oynayan” bankirlər və biznes adamlarıyla oturub-duran və artıq müəyyən biznesmen çevrələrdən özünəməxsus komandaya sahib olan Camalın hakimiyyətə gəlişi “poqonluların” siyasi elitadan uzaqlaşmasına, generalitetin nüfuzunun heçə enib, sadəcə hakim dairənin əlində bir alətə çevrilməsinə səbəb olacaqdı. Bu isə onilliklərlə ölkədə söz sahibi olan hərbiçilərin həzm edə biləcəyi bir məsələ deyildi.
Digər tərəfdən, Mübarəkkimilərin hakimiyyətdə qalmasına dəstək Qərb dövlətlərinin özünün nüfuzuna ciddi şəkildə xələl getirir. Demokratiya və insan haqlarını rəhbər tutduğunu iddia edən Qərbin diktatorları himayəsi etməsinə nə ad vermək olar? Hələ illərlə öncə Kandaliza Rays bu siyasi paradiqmalara aydınlıq gətirərək, artıq ABŞ-ın diktatorlara dəstək verməsinə son qoymağın vaxtının gəlib çatdığını, Misirdə aparıcı müxalifət olan “Müsəlman qardaşlığı” ilə dil tapmağın daha düzgün olduğunu vurğulamışdı. Buş bu addımı atmadı, amma görünür Obama administrasiyası dəyişən dünyada öz oyun qaydalarına da əl gəzdirməkdə qərarlıdır. Son olaylarda Qərbin reaksiyası müasir siyasi tariximiz üçün yeni transparent səhifə açmışdır.
Nəhayət, xalq üsyanı. Normalda, heç bir cəmiyyət diktatura rejimi altında yaşamaq istəməz. Diktatorlar nə qədər güclü olsalar da, onların odunları çox qurudur. Belə rejimlər xalqı əzdikcə, insanların haqqını pozduqca, ölkəni talayıb-dağıtdıqca bu odunun üstünə nöyüt tökmüş olurlar. Sonda, kiçicik bir qığılcım yetir ki, bu odunlar qalanıb, yansın və rejim külə dönsün.
Tunis qığılcımı Misiri silkələdi və diktator Mübarək rejimi yanıb külə döndü. Xalq ayağa qalxdı və ordu belə Mübarəkə dəstək vermədi. Bununla güc strukturları “Camal Mübarək” layihəsini yerə gömürdü. Mübarəkin ailəsi ölkədən qaçdı. Bir həftənin içində 30 illik sərt diktator rejimi çökdü. Artıq siyasi cəsədə çevrilmiş Hüsni Mübarəkin Qahirədə qalıb-qalmaması, prezident iqamətgahında oturub-oturmaması əslində heç bir rol oynamır. Bu, vaxt məsələsidir. Əsas odur ki, diktator rejiminin mahiyyəti tam olaraq süquta uğrayıb. Fironlar ölkəsinin son fironu da belə getdi...
Bu arada, Mübarəkin israrla – iki əli və iki ayağıyla artıq karına gəlməyən kürsüdən yapışması da onun xarakterinə uyğundur. Hələ hadisələrdən əvvəl, misirlilər Mübarəkin “ölməzliyinə” dair maraqlı bir lətifə söyləyirdilər. Keçirdiyi ağır xəstəliyilə bağlı xarici jurnalistlər diktatora yol tapıb, müsahibə alırlar: “Cənab prezident, sizin Misir xalqına söyləyəcək vida sözünüz varmı?”. Mübarək təəccüblə jurnalistə baxib, deyir: “Vida sözüm? Bəyəm Misir xalqı harasa getməyə hazırlaşır ki?”.
Amma Mübarəkin nikbinliyinə rəğmən, gedən Misir xalqı deyil, elə onun özü oldu!

 

 

Dr. Elşən Mustafaoğlu

 

  

  • Yazılıb
  • da (də) 2011 Feb 05