Tarix : 2011 Feb 09
Kod 21299

IRAN SƏFİRİ: ''ŞUŞANIN İŞĞALINDA ABŞ VƏ İSRAİLİN ƏLİ VAR''

''Əgər ''Səhər'' kanalında Azərbaycan haqda nəsə deyilibsə, Azərbaycanda da bəzi telekanallarda İran əleyhinə danışıblar''-deyə Məhəmmədbağır Bəhrami bildirib
Azerbaijan servsi/Aran agentliyi

İran hər zaman Azərbaycan ərazi bütövlüyünü tanıyıb. Beynəlxalq toplantılarda həmişə Azərbaycanın haqq işini dəstəkləyir. Hazırda iki ölkə arasında münasibətlər çox yaxşıdır. Bizi gözü götürməyənlər istəyir ki, aramızda münaqişə yaratsınlar. İran regionda ən böyük ölkələrdən biridir və həmişə Azərbaycanın yanındadır”. Bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami jurnalistlərə açıqlamasında deyib.

Səfir İranın Azərbaycanla enerji, iqtisadi, ticarət sahəsində birgə layihələrinin olduğunu xatırladaq bu layihələrin bundan sonra daha da genişlənməsinin tərəfdarı olduqlarını deyib: “Bu layihələrə ziyan vurmaq istəyənlər böyük səhvə yol verirlər. Biz mədəniyyət, din, dil baxımından müştərək tarixə malikik. Azərbaycanda İran mədəniyyəti və film günləri keçirilir. Eləcə də Azərbaycanın İranın Tehran, Təbriz, İsfahan kimi böyük şəhərlərində nazir Əbülfəs Qarayevin iştirakı ilə Azərbaycan mədəniyyət günləri keçirilib. Biz münasibətlərə kölgə salacaq hər hansı maneəni dəf edəcəyik. Əgər “Səhər” kanalında Azərbaycan haqda nəsə deyilibsə, Azərbaycanda da bəzi telekanallarda İran əleyhinə danışıblar. Bunları əsas müzakirə obyektinə çevirməməliyik. Bizim indi çalışacağımız əsas məsələ budur ki, Qarabağ problemi sülh yolu ilə həll olunsun, azərbaycanlı bacı-qardaşlarımız öz doğma yurdlarına qayıtsınlar. Bizim münasibətlərimiz həmişə yaxşı olacaq. Sonda ABŞ və İsrail rejimləri üzüqara qalacaq”.

İranlı səfir həmçinin qeyd edib ki: “İki dost və qardaş ölkənin maraqlarına zərər gətirən verilişlər, proqramlar, məqalələr verilməsin. Bizim prezidentlər bir-birini “qardaş” deyə çağırırlar. Təbiidir ki, ABŞ və İsrail rejimləri İran və Azərbaycanın yaxınlaşmasından, mehribançılığından çox narahat olur. İran Qarabağ probleminin həllinə çalışır. Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində İran Azərbaycan və Ermənistan arasında vasitəçilik etmək istəyibsə və bu arada Şuşa işğal olunubsa, burada ABŞ-ın və İsrailin əli var. Bunun diqqətlə araşdırılmasını istəyirəm”.

  • Yazılıb
  • da (də) 2011 Feb 09