Tarix : 2011 Feb 11
Kod 21307

DİN İsrailin məlumatına münasibət bildirib

DİN İsrailin öz vətəndaşlarını gözlənilən terror təhlükəsi ilə əlaqədar Azərbaycana səfər etməmək barədə çağırışına münasibət bildirib
Azerbaijan servsi/Aran agentliyi

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə açıqlamasında bildirib ki, bu gün Azərbaycanda əməliyyat şəraiti və kriminogen durum tam nəzarət altındadır. O, bir daha bəyan edib Azərbaycanda bütün səfirliklərin və diplomatik nümayəndəliklərin, eləcə də onların akkreditə olunmuş əməkdaşlarının təhlükəsizliyi etibarlı şəkildə qorunur, həmçinin onların yaşadıqları yerlər nəzarətdə saxlanılır: “Daxili İşlər Nazirliyi bu istiqamətdə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir”.

Qeyd edək ki, İsrailin terrorla mübarizə qərargahı ölkə vətəndaşlarına yaxın günlərdə 9 ölkəyə səfər etməkdən çəkinməyi məsləhət görüb. İsrail vətəndaşlarının səfər etməsi məqbul sayılmayan ölkələr sırasında Azərbaycanın da adı var. Bundan başqa, siyahıda Gürcüstan, Ermənistan, Türkiyə, Venesuela, Misir, Fİl Dişi Sahili, Mali və Mavritaniya da var. Xəbərdarlıq “Hizbullah”ın liderlərindən İmad Muqniyenin ölümünün üçüncü ildönümü ilə əlaqədardır.

Terrorla mübarizə qərargahı İsrail Milli Təhlükəsizlik Şurasına tabe qurumdur. Qərargah əsasən terror təşkilatlarının beynəlxalq aktivliyini, müxtəlif ölkələrdə siyasi situasiyanı analiz etməklə məşğuldur. Bu analizlər nəticəsində İsrail vətəndaşlarına bu və ya digər ölkəyə səfər etmək və ya etməmək tövsiyə olunur.

Xatırladaq ki, yanvarın 31-də ABŞ və Böyük Britaniya da öz vətəndaşlarına Azərbaycanda gözlənilən mümkün terror təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər. Lakin təhlükənin xarakteri və məlumatın mənbəyi barədə heç bir şərh verilməyib.

  • Yazılıb
  • da (də) 2011 Feb 11