Azərbaycan Respublikası polisi hicab müdafiəçiləri və islamçıların həbs edilməsinin ardınca, indi də polis zorakılıqlarını və ...
Azerbaijan servsi/Aran agentliyi
Səhər TV-Azərbaycan Respublikası polisi hicab müdafiəçiləri və islamçıların həbs edilməsinin ardınca, indi də polis zorakılıqlarını və qanundan kənar hərəkətləri ifşa etməsinlər deyə vəkillərə təzyiq göstərməyə başlayıb.
Yerli mənbələr o cümlədən Media Forum bildirir ki, Gəncə şəhərində həbs olunmuş iki ruhani Höccətülislam Azər Cəbiyev və Fəxri İlyasovun vəkili Elçin Namazov həqiqətlərin ört-basdır edilməsi üçün Gəncə şəhər polis rəisinin ona təzyiqlər göstərməsi haqda bir məktub yazıb.
Daxili işlər naziri, Baş prokuror və insan haqları müdafiəçilərindən birinə ünvanlanmış bu məktubda deyilir: Gəncə Şəhər Polis İdarəsinin rəisi Rasim Musayev polis və məhkəmə orqanları tərəfindən yol verilən qanunsuzluqların ifşa olunmasının qarşısını almaq üçün, dəfələrlə həbs etmək və vəkillər kollegiyasından kənarlaşdırmaq ilə hədələyib.
E.Namazov Höccətülislam Azər Cəbiyev və Fəxri İlyasovun Gürcüstana səfər zamanı həbs olunmalarına işarə edərək, hicab müdafiəçilərindən olan bu iki gənc ruhaniyə qarşı səsləndirilən bütün ittihamları saxta və sifariş əsasında adlandırıb.
O, həmçinin bildirib ki, qanuna zidd olaraq müttəhimlər ilə görüşləri yalnız polisin iştirakı ilə baş tutur və onların söhbətləri dinlənilir.
E.Namazov həmçinin hüquqlarını müdafiə etdiyi A.Cəbiyev və F.İlyasov haqda məhkəmə tərəfindən çıxarılmış həbs qəti imkan tədbirinin ev dustağı qərarı ilə əvəz edilməsi üzrə Apelyasiya Məhkəməsinə şikayət ərizəsi təqdim etdiyini bildirib.
Bu arada Bakı Apelyasiya Məhkəməsi İslam Partiyasının Astara şöbəsinin sədri Ruhulla Axundzadənin vəkilinin həbs qərarının ev dustağı qərarı ilə əvəz edilməsi üzrə şikayət ərizəsini araşdıracaq.
Azərbaycan Respublikasında hicab qadağasına etirazların genişlənməsinin ardınca Bakı, Gəncə və Sumqayıt şəhərləri başda olmaqla ölkə səviyyəsində dindarların və islamçıların xüsusilə də İslam Partiyası üzvlərinin kütləvi həbsinə başlanıldı.
Dindarların və islamçıların kütləvi həbsinin ardınca yaranmış vəziyyətə etirazların qarşısını almaq üçün Qubada İslam Partiyası sədrinin yaxınlarının habelə, İslam Partiyasının Astara və Gəncə şöbəsi sədrlərinin mənzillərindən silah və hərbi sursatın aşkar edildiyi iddia olundu. Amma, İslam Partiyasının üzvləri və müstəqil ekspertlər bu ittihamları saxta və böhtan kimi dəyərləndirirlər.