Düz bir il bundan öncə fevral ayının 13-ü dinc inanclı insanlar böyük İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) və İmam Həsən (ə)-ın şəhadət günü...
Azərbaycan servisi/Aran agentliyi
Düz bir il bundan öncə fevral ayının 13-ü dinc inanclı insanlar böyük İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) və İmam Həsən (ə)-ın şəhadət günü, şəhidlər xiyabanında uyumuş şəhidlərimizi ziyarət etmək məqsədilə əllərində gül çələngi ilə ziyarətə gedirdilər. Onların məqsədi yalnız ziyarət idi. Ancaq buna görə onları hansı cəza gözləyəcəklərindən yəqin ki, xəbərsiz idilər. Çünki bu insanlar hamısı kasıb balaları idi və bəlkə də çörək puluna görə çox zaman heç televizora da baxmağa vaxt tapa bilmirdilər. Bu səbəbdən adları Elmar, Elçin, Seynur, Ağaəli və Bilal olan bu şəxslərin çoxu Azərbaycanın yazılmayan qanunlarından xəbərsiz idi. Onların heç ağıllarına da gəlməzdi ki, vətən uğrunda ölməz şəhidlərimizi ziyarət etmək üçün zopa ilə əzişdirilib, sonra da həbsə atılacaqlar. Hadisələrin sonluğu bu oldu, 5 nəfər həbsə düşdü.
Bu hadisələrdə azərbaycanlılara başa salındı ki, ölkəmizin yazılmayan qanunları, yazılı qanunlarından daha çox və daha dəqiq işləyir. Bəlkə də öz şəhidlərinə hörmət edən hər hansı bir ölkə də belə şeyə rast gəlmək olmazdı, amma müsəlman ölkəsi olan Azərbaycanda bu baş verib. Son zamanlar xalq arasında belə söz gəzir ki: Bura Azərbaycandır!. Bu söz nə qədər səhv və təhqiredici olsa da, həqiqətdə indiki durumda Azərbaycanın insan haqları sahəsində dünya reallığından nə dərəcədə uzaq olması heç kəsə qaranlıq deyil. Məsələyə bir az diqqət yetirdikdə görürük ki, belə bir hadisə təkcə inanclı insanlara qarşı həyata keçirilib. Başqalarına qarşı isə nisbətən ötəri zorakılıqla ötüşüblər. Bu da onu deməyə əsas verir ki, hakimiyyət İslama və islamçılara qarşı əməlli başlı gizli müharibə elan edib. Belə bir müharibənin isə xarici qüvvələrin sifarişi və yaxud hakimiyyətin kommunist-ateist təfəkkürlü ünsürləri tərəfindən həyata keçməsi ehtimal olunur.
Hər-halda Azərbaycan reallığında vətəndaşlara qarşı belə amansız davranışlar günü-gündən ölkənin qaranlıq mühitini bir azda pisləşdirir. Belə bir hədisə rast gəlmişdim; O hədisdə deyilirki: Küfrlə hakimiyyət etmək olar, amma zülmlə yox. İmam Əli (ə)-dan başqa bir hədisdə belə buyurulur ki: Nə çox ibrətlər var, ancaq ibrət alanlar azdır. Dünya tarixinə baxanda daima hakimiyyətlərin öz kürsü uğrunda necə amansız mücadilə apardığının şahidi oluruq. Mən onların heç adını çəkməyi belə istəməzdim. Çünki onlar insanlara yalnız qaranlıq və zülmət gətirib. Ancaq uca yaradanın onların necə səslərini kəsib, arzularını puça çıxarıb, silkələdikləri barmaqları torpaqlar altına salmasının da şahidi olmuşuq.
Qeyd edək ki, 2010-cu il fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədar “Hacı Sultanəli” məscidində əzadarlıq keçirəndən sonra Xocalı fəciəsinin ildönümü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis zorakılığı ilə üzləşən 5 nəfər dindar - Elmar Səmədov, Elçin Abbasov, Seynur Hüseynov, Ağaəli Yəhyayev və Bilal Əhmədov, sonradan Yasamal Rayon Məhkəməsinin qərarıilə ümumilikdə 21 il yarım müddətinə azadlıqdan məhrub ediliblər. Dəqiq desək, keçən il avqust ayının 3-də Yasamal Rayon Məhkəməsində Hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə, Elçin Abbasov və Seynur Hüseynova 4 il, Elmar Səmədov, Ağəli Yəhyayev və Bilal Əhmədova isə 4 il 6 ay həbs cəzası verilib.