Azərbaycan servisi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə. bu gecə Xəzər dənizinin Bakıdakı Şıxlar sahilində təmirə dayanan gəmidə partlayış baş verib. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyindən verilən məlumata görə, hadisə “Şirvan” yük gəmisində qeydə alınıb. Gəmidə qaynaq işləri aparılan zaman əvvəlcə yanğın, ardınca isə partlayış olub. Hadisə nəticəsində 1 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb.
Klinik Tibbi Mərkəzdən verilən məlumata görə, həlak olan fəhlə Qarayev Raqif Yurka oğludur. Onun qaynaqçı işləyən atası Yurka Qarayev, eləcə də gəminin mühəndisi Şaiq Mirzəyev xəsarət alıblar.
Dövlət Xəzər Dəniz Gəmiçiliyi rəhbərliyinin hadisə yerində olduğu bildirilir. Yanğın və partlayışın səbəbləri ilə bağlı heç bir rəsmi məlumat yoxdur. İlkin məlumatlara görə, hadisəyə qaz sızması səbəb olub.