AzərBaycan Respublikası Baş Prokurorluğu Lənkəran rayon Prokurorluğundakı hadisə ilə bağlı məlumat yayıb
Azərbaycan servisi/Aran agentliyi
AzərBaycan Respublikası Baş Prokurorluğu Lənkəran rayon Prokurorluğundakı hadisə ilə bağlı məlumat yayıb.
Lent.az-ın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, H.Həsənov ürək xəstəliyi nəticəsində ölüb.
Məlumatda bildirilir ki, 16 fevral 2011-ci il tarixdə Lənkəran rayonunun Hirkan qəsəbə sakini Həsənova Qıztamam Qafar qızı Lənkəran rayon Prokurorluğuna teleqram vuraraq özünün, ərinin və oğlunun rayon prokuroru tərəfindən qəbul edilməsini xahiş edib.
Fevralın 17-də Qıztamam Həsənova, əri - 1934-cü ildə anadan olmuş Həsənəli Qurbanəli oğlu Həsənov və oğlu Salman Həsənov prokurorluğun müfəttişi İlqar Qasımovun iştirakı ilə rayon prokuroru Ramiz Nəbiyev tərəfindən qəbul edilib.
Qıztamam Həsənova şikayət ərizəsini rayon prokuroruna təqdim edən zaman əri oturduğu yerdə ürəyini tutaraq oğlu Salman Həsənov tərəfə yıxılıb. Rayon prokuroru Ramiz Nəbiyev tərəfindən dərhal təcili yardım stansiyasına zəng edilib həkim dəvət olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit daxili müayinə aparılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə göndərilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Həsənəli Həsənov sağlığında ürək xəstəliyindən əziyyət çəkməklə, uzun müddət həkim nəzarəti altında ambulator müalicə alıb. Bundan başqa, mərhumun arvadı Qıztamam Həsənova və oğlu Salman Həsənov izahatlarında Həsənəli Həsənovun xəstəliyi ilə əlaqədar öldüyünü bildirib və bununla bağlı heç bir şikayətlərinin olmadığını qeyd ediblər.
Hazırda faktla bağlı Baş Prokurorluqda araşdırmalar davam etdirilir.
Lentaz