Azərbaycanın dövlət məktəblərində hicabdan imtinanın əleyhdarları bu məsələni əsassız olaraq siyasi müstəviyə keçirməyə çalışırdılar
Azərbaycan servisi/Aran agentliyi
Azərbaycanın dövlət məktəblərində hicabdan imtinanın əleyhdarları bu məsələni əsassız olaraq siyasi müstəviyə keçirməyə çalışırdılar. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə belə hesab edir.
Bu barədə İslam-Azeri.az İnternet qəzeti "İnterfaks"a istinadən xəbərə verir.
Xəbərdə deyilir ki, QMİ sədri deyib: “Əlbəttə, hicab - bizim dinimizin əmrlərindən biridir və mən onun qadağası ilə razılaşa bilmərəm. Amma iş orasındadır ki, bu belə qadağa deyildi, məsələ vahid məktəbli formasının tətbiqində idi. Vahid məktəbli forması dünyanın bir çox ölkələrində mövcuddur, bizdə də tətbiq edilir və hicab ona tam əlavə edilə bilərdi”.
QMİ sədri həmçinin sözlərinin davamında “müəyyən qüvvələr vahid məktəbli forması məsələsini siyasi müstəviyə keçirməyi çox istəyir” deyib.
A.Paşazadənin sözlərinə görə, Azərbaycanda vəziyyətin pozulmasında maraqlı olanlar “vəziyyəti pisləşdirməyə başladılar, hazırda sosial bazaya malik olmayan ölkə müxalifəti vəziyyətdən istifadə edərək əhalinin inanclı hissəsini bayraqlar altına cəlb etməyə hazırdır”.
Eyni zamanda, QMİ sədri vurğulayıb ki, hicab taxmasına rəsmi qadağa olmayıb və ölkə prezidenti İlham Əliyev “hər zaman inanclıların ehtiyaclarına diqqətlə yanaşıb”.
Xatırladaq ki, QMİ sədri özü də Azərbaycanın dövlət məktəblərində hicabdan imtinanı tənqid etmişdi. O bu barədə Turan agentliyinə açıqlama vermişdi.
Açıqlamanı bir daha diqqətinizə çatdırırıq: "Hicab məsələsi dini çevrədə müzakirə obyekti deyil, bu, Allahın əmridir və ona əməl olunmalıdır. Hicabın olub-olmaması yox, onun hansı şəkildə olması müzakirə edilə bilər. Elə etmək lazımdır ki, nə dövlət qanunları pozulsun, nə də əqidə sahiblərinin hissiyatına toxunulsun. Bu, bir insan haqqıdır və belə görünməklə özünü rahat hiss edirsə, buna mane olmaq lazım deyil".