Murov dağında 7 əsgərimizin şəhid olması xəbərinin yayılması barədə informasiya dərc etmişdik. Qeyd edək ki, bu xəbəri dərc edən yeganə KİV “Yeni Müsavat” olub
Azərbaycan servisi/Aran agentliyi
Murov dağında 7 əsgərimizin şəhid olması xəbərinin yayılması barədə informasiya dərc etmişdik. Qeyd edək ki, bu xəbəri dərc edən yeganə KİV “Yeni Müsavat” olub. Dünən Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun mətbuat xidmətləri rəsmi məlumat yayaraq dərc etdiyimiz ürəkparçalayan xəbəri təsdiqləyiblər. Rəsmi məlumatda deyilir ki, fevralın 20-də saat 9.40 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrinin birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.
“Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər işçiləri daxil olmaqla, bir qrup əməkdaş hadisə yerinə ezam olunublar. Hadisə zəminində Quliyev Naib Fəxrəddin oğlu (1992, Beyləqan RHK 04.2010), Cavadzadə Cavid Vəkil oğlu (1991, Mingəçevir RHK 01.2010), Suanverdiyev Nurlan Radfel oğlu (1991, Ağdam RHK 04.2010), Xocberov Ramazan Abdulla oğlu (1992, Balakən RHK 04.2010), Kərimov Əfqan Yaşar oğlu (1991, Balakən RHK 10.2009), Hüseynov Əhməd Əhmədalı oğlu (1992, Ağcabədi RHK 01.2010), Quliyev Zakir Etibar oğlu (1991, Yasamal RHK 01.2010) ölüblər. Fakta görə Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hadisənin baş vermə səbəbləri və şəraiti birgə istintaq əməliyyat qrupu tərəfindən aparılmaqla zəruri, təxirəsalınmaz istintaq hərəkətləri həyata keçiriləcəkdir.
Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılması, hadisənin baş verməsində günahkar olan şəxslərin müəyyən edilib məhkəmə məsuliyyətinə verilməsi və qanunla nəzərdə tutulan başqa tədbirlərin görülməsi təmin olunmaqla ictimaiyyətə əlavə məlumat veriləcəkdir". Gəncə Hərbi Prokurorluğundan milli.az xəbər portalına bildirilib ki, dəhşətli hadisə Göygöl rayonu ərazisində baş verib və bu, qətl hadisəsidir - 7 nəfər hərbi qulluqçu qətlə yetirilib.
Hərbi mənbədən bazar ertəsi "Trend"ə bildiriblər ki, fevralın 20-si səhər 09:00 radələrində hərbi hissənin əsgəri xidməti silahı ilə digər əsgər yoldaşlarını öldürüb. Məlumata görə, silahlı insident zamanı həmin əsgərin özü də ölüb.
“Yeni Müsavat”a daxil olan məlumata görə isə həmin əsgər 1992-ci il təvəllüdlü Kamran Akif oğlu Musazadədir. 2010-cu ildə Sumqayıt Şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan K.Musazədə hadisə zamanı güllə yaraları alıb, onu yaralı vəziyyətdə hospitallardan birinə çatdırıblar. Mübahisənin hansı zəmində baş verdiyi bilinmir. Əsgər yoldaşlarına məhz onun atəş açmasını birmənalı təsdiqləyən məlumat da hələlik yoxdur. Hadisənin təfərrüatlarını öyrənmək üçün qanlı olay zamanı dünyasını dəyişmiş əsgər Əhməd Hüseynovun əmisi Ehtiram Hüseynovla əlaqə saxlaya bildik. E.Hüseynov qəzetimizə açıqlamasında bildirdi ki, qardaşı oğlunun hansı şəraitdə dünyasını dəyişməsi barədə onlara heç bir rəsmi məlumat verilməyib: “Dedilər ki, meyiti Ağcabədiyə yollayıblar. Gözləyirik. Əhməd 1 il 2 ay idi ki xidmətdə idi. 4 ayı qalmışdı. Hadisə barəsində məlumatsızıq”.
Baş verən hadisə ilə bağlı Ümid Partiyası müdafiə naziri Səfər Əbiyevin Milli Məclis qarşısında ordudakı vəziyyətlə bağlı hesabat verməsini tələb edən bəyanatla çıxış edib. BAXCP-nin İdarə Heyəti isə Müdafiə Nazirliyi rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb edir: “Milli Ordunun 7 əsgərinin həlak olmasından təəssüfləndiyimizi bildirir və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Hesab edirik ki, orduda baş verən oxşar xarakterli cinayət hadisələrinə görə Müdafiə Nazirliyinin yüksək rütbəli şəxslərini ən azı iltizam məsuliyyətinə cəlb etmədən bu kimi halların qarşısının alınması, Silahlı Qüvvələrin ayrı-ayrı strukturlarında yüksək nizam-intizamın yaradılması mümkün olmayacaq. BAXCP Ali Baş Komandanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində nizam-intizamın yaradılması üçün qəti addımlar atmağa çağırır”.
2011-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda itkilər 21 nəfər təşkil edib. Ötən müddətdə 7 nəfər yaralanıb və ya xəsarət alıb. Bunu “Media forum” saytına “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli deyib. Onun sözlərinə görə, döyüş itkiləri 3 nəfər, qeyri-döyüş itkiləri isə 18 nəfər olub: “2 nəfər naməlum səbəbdən, 2 nəfər silahla ehtiyatsız davranmadan, 2 nəfər qar uçqunundan, 2 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma), 2 nəfər xəstəlikdən, 7 nəfər qeyri-nizamnamə hadisələrindən dünyasını dəyişib. 1 nəfərsə intihar edib. Dünyasını dəyişənlərin 20-si Müdafiə Nazirliyinin, 1-i isə Daxili Qoşunların hərbi qulluqçusu olub. Fevralın 20-dək Silahlı Qüvvələr 14 itki vermişdi. Həmin gün Müdafiə Nazirliyinin Goranboydakı hərbi hissələrinin birində baş verən hadisə zamanı 7 nəfər ölüb".
Bildirək ki, bu faciə Azərbaycan ordusunda baş verən birinci toplu qətl hadisəsi deyil. İctimaiyyət bu cür hallara demək olar ki, alışıb. Və bu da çox pisdir. Orduda baş verən korrupsiya, “dedovşina”, özbaşınalıq, əsgərlərə zülm edilməsi adi hal alıb. Ölkənin müharibə hazırlıqları içərisində olduğu bir zamanda bu cür halların davamlı baş verməsi və ordudakı çatışmazlıqların aradan qaldırılmaması onu göstərir ki, müdafiə naziri ona tapşırılan işin öhdəsindən gələ bilmir. Artıq əksər ekspertlər, orduya az-çıx bələd olan jurnalistlər iddia edirlər ki, nazir Səfər Əbiyev istefa verməyincə, Azərbaycan ordusunu təmizləmək mümkün olmayacaq.
Bizə görə də müdafiə naziri istefaya getməlidir. Son hadisə və buna bənzər kütləvi qətllərin tək birinin baş verməsi kifayətdir ki, Müdafiə Nazirliyinin rəhbərliyi dəyişdirilsin.
Ordu bu xalqındır, əsgər bizim canımızdır. İndi elə bir situasiya yaranıb ki, Azərbaycan ordusunu müdafiə nazirliyinin generallarından, başda da hörmətli Əbiyev olmaqla, qorumaq ehtiyacı yaranıb. Silahlı Qüvvələrimizi xərçəng kimi sarmış korrupsiya və başqa neqativ hallar ordudakı mafiyanın xalq qarşısındakı ən böyük cinayətidir.
İnanırıq ki, Ali Baş Komandan İlham Əliyev millətin gənc övladlarının bu şəkildə tələf olmasına görə məsuliyyət daşıyan Müdafiə Nazirliyinin rəhbərliyini cəzalandıracaq.
Sabahkı sayımızdan ordumuzda baş verən ən dəhşətli cinayətlərlə bağlı yazıların təkrar dərcinə başlayacağıq.
P.S. Qəzetimiz çapa hazırlanarkən redaksiyamıza Murovda baş verən hadisə zamanı bir neçə hərbçinin də yaralandığı barədə məlumat daxil oldu.