Tarix : 2011 Feb 26
Kod 21563

POLİSLƏRLƏ ÜZLƏŞMƏ VİDEOKAMERA QARŞISINDA OLACAQ

''Bu barədə hələlik açıqlama vermək istəmirik. Yalnız onu deyə bilərəm ki, vəziyyət əhəmiyyətli dərəcədə bizim xeyrimizə dəyişib''-deyə vəkil Elçin Namazov bildirib
Azərbaycan servisi/Aran agentliyi

Gəncə şəhərində həbs edilmiş nüfuzlu ruhanilər Azər Cəbiyev və Fəxri İlyasovun işi üzrə irəliləyişə nail olunub. Bu barədə FaktXeber.com-a vəkil Elçin Namazov məlumat verib. Onun sözlərinə görə, mübahisə şəraitində keçən istintaq prosesi ruhanilərin xeyrinə dəyişməyə başlayıb: “Xeyli müddətdir ki, apardığımız gərgin iş bəhrəsini verməyə başlayıb. Son iki gün ərzində bir neçə yalançı şahidlə üzləşmə keçirilməsinə nail olmuşuq. Üzləşmə zamanı etiraf olunub ki, hər iki ruhani heç bir əsas olmadan sərhəd keçid məntəqəsində saxlanaraq, Gəncə şəhərinə gətirilib. İstintaq indiyədək bunu təkzib edirdi”-deyə ruhanilərin vəkili Elçin Namazov əlavə edib.

Vəkil həmçinin qeyd edib ki, üzləşmədə iştirak edən polislər daha ciddi qanun pozuntularına yol verildiyini istəmədən etiraf ediblər: “Bu barədə hələlik açıqlama vermək istəmirik. Yalnız onu deyə bilərəm ki, vəziyyət əhəmiyyətli dərəcədə bizim xeyrimizə dəyişib”.

Xatırldaq ki, E.Namazov irəliləyişlərə baxmayaraq, ciddi qanun pozuntularının olduğunu da bildirib: “Müstəntiqlər bütün güclərini sərf edərək, üzləşməyə gələn şəxslərə təsir göstərirlər. Bəzən protokollara üzləşmədə deyilməyən sözlər əlavə edilir, polislər yönləndirilir. Bütün bunlar barədə öz qeydlərimizi məhz həmin protokollara qeyd edirik. Bu halların bir neçə dəfə təkrarlanması bizi yeni vəsatət verməyə məcbur etdi. İstintaq orqanına müraciət edərək, üzləşmələrin videokamera qarşısında aparılmasını tələb etdik. Ruhanilərdən biri - Azər Cəbiyevin işini aparan müstəntiq vəsatəti dərhal təmin etdi və üzləşməni kameramanın hazırlanmasına qədər təxirə saldı. Digər ruhaninin – Fəxri İlyasovun müstəntiqi isə hələlik heç bir cavab verməyib. Kamera qarşısında üzləşmə növbəti həftədən başlayaraq, keçiriləcək”. 

  • Yazılıb
  • da (də) 2011 Feb 26