Küçələrə ''Ceyhun Osmanlı və işsizlik'' şüarları asılıb; rayonda növbəti aksiyalara hazırlıq gedir
Azərbaycan servisi/Aran agentliyi
Sabirabad və Saatlı rayonlarında fevralın 24-də minlərlə etirazçının iştirakı ilə keçirilən mitinqdən sonra hər iki rayonda vəziyyət gərgin olaraq qalır. Əhalisi ötən ilki daşqınlardan zərər çəkmiş bu rayonların ikisi də hazırda ciddi polis nəzarəti altındadır. Belə bir məqamda Sabirabadda Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının binası müəmmalı şəkildə yanıb. Fevralın 25-nə keçən gecə baş vermiş yanğın nəticəsində bina külə dönüb.
Bu barədə pia.az saytı xəbər yayıb. Rayondakı mənbələrimizn verdiyi xəbərə görə, yanğın nəticəsində xəsarət alan olmasa da binanın avadanlıqları yararsız vəziyyətə düşüb. Mənbə bildirib ki, Muğan bölgəsində inqilabi əhval-ruhiyyənin kulminasiya nöqtəsində olduğu bir vaxtda baş verən yanğın olayı təsadüfi hadisəyə oxşamır. Onun sözlərinə görə, mitinq keçirilən günün axşamı məhz hakim partiyanın rayon təşkilatının binasının yanması çox qəribə görünür. Çünki Sabirabadda narazılıq və əhalinin talançı reyimə qəzəbi o həddə çatıb ki, kəndlilərin üsyana qalxmasından sonra YAP-ın binasının yanması arasında məntiqi əlaqə axtaranlar var.
Qaynağımız iddia edib ki, yanğın olayı qəsdən də törədilə bilər: “Bunun yerli məmurların sifarişi olması da istisna deyil. Çünki bölgədə sosial gərginliyi qəsdən artırmaq, situasiyanı süni şəkildə dramatikləşdirmək istəyən qüvvələr var. Onlar bu yanğın olayından sui-istifadə edərək kəndlərdə kütləvi həbslərə zəmin yarada bilərlər. Yəni yanğının törədilməsində günahkar kimi aksiyada iştirak etmiş bir neçə rayon sakinini göstərəcəklər. Əhaliyə də hədə-qorxu gələcəklər ki, növbəti etiraza qoşulanda ölçüb-biçin, yoxsa sizi də eyni aqibət gözləyəcək”.
Mənbəmiz onu da deyib ki, hazırda rayonun mərkəzi küçələrində divarlara şüarlar yazılmış plakatlar vurulub: “Həmin plakatlarda ”Ceyhun Osmanlı və işsizlik", “Korrupsiya və səfalət” kimi şüarlar qeyd olunub. Ancaq həmin plakatların bir çoxu cırılmışdı. Çox güman ki, bunu narazı insanlar edib. Bu gedişlə növbəti həftəyə Sabirabadda daha güclü mitinqlər gözlənilir, artıq bu istiqamətdə hazırlıq işləri də gedir".
Qeyd edək ki, Ceyhun Osmanlı hökumətin Sabirabaddan təyin etdiyi deputatdır.
Rayondan aldığımız son xəbərlərə görə, dünən narazı kəndlilərdən bir neçəsi Sabirabad Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olub. Bundan sonra icra nümayəndələri ilə görüşdə kəndlilərə veriləcək kompensasiyaların məbləğinin artırılması təklif olunub. Lakin artırılan məbləğ də sakinləri qane etməyib. Daşqından zərərçəkənlər bəyan ediblər ki, onların verdiyi vaxta qədər problemlər həll olunmasa, fasiləsiz və genişmiqyaslı aksiyalara başlayacaqlar. Günün sonunda “Azadlıq” radiosu məlumat verib ki, Sabirabad rayonunun Cavad kəndinin əhalisi aksiya keçirib. Bu barədə kəndin sakini Süleyman Ağaməmmədov məlumat verib. Süleyman Ağaməmmədov deyib ki, təqribən 100-dən çox kənd sakininin qatıldığı aksiyada elektrik enerjisinin kəsilməsinə və enerji pulunun yüksək olmasına etiraz bildirilib. Onun sözlərinə görə, aksiya bir neçə saat davam etsə də, hər hansı polis müdaxiləsi baş verməyib: “Artıq kənddə "Azərenerji"nin işçiləri enerji yayımını bərpa etməkdədir. Xalqı hökumətin üzərinə qaldıran “Azenerji” işçiləridir". Sabirabad Elektrik Şəbəkəsinin rəisi
Fikrət Əhmədov isə deyilənləri təkzib edib: “Heç bir aksiya yoxdur. Ayın 16-dan "İşıq pullarınızı ödəyin" kampaniyasına başlamışıq. Fevralın 16-dan 24-nə kimi bildirişlər paylamışıq. Abonentlər 1 ay müddətində borclarını ödəyə bilər. Müddət bitdikdən sonra fərdi şəkildə enerjilər dayandırılacaq. Hazırda işıqları kəsilən 2-3 abonentdir ki, onlara da 1 ay əvvəl borclarını ödəmək üçün xəbərdarlıq olunub".