martın 2-də Azərbaycan İslam Partiyasının Baş Məclisi toplanacaq. Nizamnaməyə görə, Baş Məclisin iclasları iki aydan bir keçirilir
Azerbaijan servsi/Aran agentliyi
FaktXeber.com-um "Mediaforum"a istinadən verdiyi məlumata görə, martın 2-də Azərbaycan İslam Partiyasının Baş Məclisi toplanacaq. Nizamnaməyə görə, Baş Məclisin iclasları iki aydan bir keçirilir. Sonuncu toplantı yanvarın 2-də olub. Partiyaya müvəqqəti sədrlik edən Elçin Manafov bildirib ki, "Ofis problemi həll olunmadığından toplantının keçirilməsi üçün bir neçə variant üzərində fikirləşirik. Ya media mərkəzlərindən birində toplanacağıq, ya da partiyaların birindən yer xahiş edəcəyik”.
Gündəlikdə bir neçə məsələnin olduğunu deyən Elçin Manafov əsasən hicab probleminə toxunulacağını vurğulayıb: “Biz tələb edirik ki, hakimiyyət hicab probleminin həlli üçün tədbir görsün. Bizim bununla bağlı həm tələbimiz, həm də ümidimiz var. Ümid edirik ki, tezliklə problem müsbət yöndə həll olunacaq.
İkinci müzakirə mövzusu həbsdəki islamçılarla bağlıdır. Hesab edirik ki, onların həbsi haqsızdır. İnanırıq ki, tezliklə azadlığa buraxılacaqlar, onlara qarşı olan bu qanunsuzluqlara görə üzrxahlıq ediləcək.
Üçüncü məsələ isə komitələrlə bağlı olacaq. Yerli təşkilatlar bizdən mövqe gözləyirlər ki, fəaliyyətlərini necə qursunlar”.
Elçin Manafov partiyanı qərargah məsələsinin həlli üçün Respublika Prokurorluğunun müstəntiqi Mehdi Mirzəyevə yazılı müraciət edəcəklərini deyib: “Baş Məclisdə iştirak edəcək komitə üzvləri, İdarə Heyəti üzvləri və partiyanın sıravi üzvləri bu yazılı müraciəti imzalayacaq. Əgər bundan sonra da qərargah məsələsi öz həllini tapmasa, qanuni hüquqlarımızın məhkəmə yolu ilə bərpa olunmasına başlayacağıq”.
Qərargah bağlanandan bəri partiyanın normal fəaliyyət göstərə bilmədiyini deyən Elçin Manafov əlavə edib ki, üzvlərin şəxsi əşyaları, bir çox sənədlər, kompüterlər ofisdə qaldığı üçün problemlər yaşayırlar: “Normal fəaliyyət göstərmək üçün köhnə ofisin qaytarılması ilə yanaşı yeni ofis haqqında da fikirləşirik”.
Partiyanın nizamnaməsinə görə, 25 üzvün iştirakı Baş Məclisin toplantısını baş tutmuş saymağa yetərlidir. Elçin Manafov qeyd edib ki, iclasda 30-dək komitə sədrinin, İdarə Heyəti üzvlərinin iştirakı nəzərdə tutulur: “Həbsdə olan komitə sədri sədri Rufulla Axundzadənin, eləcə də partiya sədrinin müavini Vaqif Abdullayevin vəzifələri müvəqqəti olaraq başqasına tapşırılacaq. Mən özüm də sədrliyi müvəqqəti icra edirəm. Ümid edirik ki, tezliklə həbs olunan islamçılar azadlığa buraxılacaq. Əgər proseslər bizim ümid etdiyimiz kimi olmayacaqsa, onda konkret namizədlər üzərində düşünməliyik”.
Partiya sədri onu da qeyd edib ki, Baş Məclisin toplantısından sonra rayon komitələrinin fəaliyyəti yoxlanılacaq: “Biz bir-bir rayon komitələrinə gedib onların hansı şəraətdə və necə fəaliyyət göstərmələrini yoxlayacaq, neqativ halların aradan qaldırılmasına çalışacağıq”.
Yanvar ayında Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov başda olmaqla bir çox partiya funksioneri həbs olunublar. Partiyanın Bakıdakı mərkəzi qərargahı isə istintaq orqanının qərarı ilə qapadılıb.