Tarix : 2011 Mar 05
Kod 21695

Azərbaycan Respublikası hökumətinin istefası tələb olundu

Azərbaycan Respublikasında Müxalifət qüvvələrinin yaratdığı İctimai Palata Hökumətin istefasını tələb etdi!
Azərbaycan servisi/Aran agentliyi

Palatanın yaydığı bəyanatında vurğulanır : "Yaşadığımız günlərdə Şimali Afrikada , Yaxın Şərqdə totalitar rejimlərə qarşı baş verən xalq üsyanları və bunların dünyanın fərqli yerlərinə təsirləri bir sıra xalqların və dövlətlərin həyatında böyük sarsıntılara səbəb olmuş, düşüncələrdə və hərəkətlərdə inqilabi dəyişikliklər yaratmışdır. Demokratiya barədə düşüncələrdə və siyasətlərdə şübhə, tərəddüdlərə son qoyulmuşdur. "
İctimai Palata Misir, Tunis, Liviya və digər ölkələrdə baş verən dinc etirazları alqışlayır, həmin ölkələrdəki korrupsioner ailə -tayfa rejimləri tərəfindən xalqa qarşı silah işlədilməsini və qətlləri pisləyir.

Bəyanatda əlavə olunub : " Qlobal demokratikləşmə səylərinin mərhələsi kimi görünən bu proseslər fonunda bir qrup məmur oliqarx ailənin və onların yaxınlarının xalq üzərində ağalığını qoruyub saxlamağa və ölkənin milli sərvətlərini mənimsəmələrinə xidmət edən, siyasi vərdiş və praktikasına görə çağdışı, yarı feodal, antidemokratik rejimlərin tipik nümunələrindən biri olan Azərbaycan hakimiyyətinin mövqeləri ilkin refleksləri və addımları ciddi narahatlıq və hiddət doğurur."
İctimai Palata sonda bu tələbləri irəli sürüb : " 1. Təcili olaraq ölkədə real sosial - iqtisadi və ictimai - siyasi islahatlar aparılsın;
2. İslahatların həyata keçirilməsinin təminatı kimi növbədənkənar parlament seçkiləri keçirilsin;
3. Nazirlər Kabineti istefaya göndərilsin, nazir və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin mal varlığı və korrupsiya fəaliyyətlərində iştirakı məsələləri şəffaf şəkildə təhqiq edilsin. Bu təhqiqat başa çatana qədər onların dövlət qulluğu vəzifələrində çalışmaları qadağan edilsin;
4. Sosial ədalətin təmin edilməsi, o cümlədən neft gəlirlərinin və digər milli sərvətlərin ədalətli bölgüsü istiqamətində konkret addımlar atılsın. Bu məqsədlə əmək haqqı, pensiyalar və digər sosial ödənişlərin minimum hədləri iki dəfə artırılsın. Təbii inhisarda olan xidmətlərin 2011- ci ildə qiymətinin artırılmasına və süni bahalaşmaya yol veriməməsinə təminat verilsin;
5. Siyasi məhbuslar azad edilsin;
6. Əsas insan hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşma azadlığına, ifadə azadlığına, dini etiqad və vicdan azadlığına qoyulmuş məhdudiyyətlər ləğv edilsin.

  • Yazılıb
  • da (də) 2011 Mar 05