2011-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayında kəskin artım var
Azərbaycan servisi/Aran agentliyi
Səhər TV--2011-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayında kəskin artım var.
2011-ci ildə Azərbaycan Respublikasının təhlükəsizlik və müdafiə sektorunun itkiləri 22 nəfər təşkil edib.
Bu barədə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri Cəsur Sümərinli RATİ-nin mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
Ötən müddətdə 14 nəfər yaralanıb və ya xəsarət alıb, 3 nəfər erməni gülləsindən həlak olub, 19 nəfər isə qeyri-döyüş itkiləridir. Qeyri -döyüş itkiləri belədir: 1 nəfər naməlum səbəbdən, 2 nəfər qar uçqunundan, 2 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma), 1 nəfər avtomobil qəzasından, 3 nəfər xəstəlikdən, 9 nəfər qeyri -nizamnamə hadisələrindən dünyasını dəyişib, 1 nəfər intihar edib. Dünyasını dəyişənlərin 20 nəfəri Müdafiə Nazirliyinin, 1 nəfəri Dövlət Sərhəd Xidmətinin, 1 nəfər isə Daxili Qoşunların hərbi qulluqçusudur.
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri 2003-2006-cı illərdəki itkilərlə, 2007-2010-cu illərdəki itkilərin təhlilini də aparıb.
Onun sözlərinə görə, 2003-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələri ən azı 465 hərbi qulluqçusunu itirib və 2007-2010-cu illərdə qeyri- nizamnamə hadisələri nəticəsində ölənlərin sayı erməni qüvvələrinin gülləsindən ölənlərin sayından çox olub.
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi itkilərin azaldılması üçün Azərbaycan Silahlı Qüvvələrinin bütövlükdə NATO standartlarına keçməsini, hərbi qulluqçuların əmək haqlarının 1500 manatdan başlamasını və sosial müdafiəsinin gücləndirilməsini vacib sayıb!