Azərbaycan servisi/Aran agentliyi
Qəzetimiz Gəncənin yeni icra başçısı Elmar Vəliyevin məscidə gedən şagirdlərə görə müəllimlərin cəzalandırılacağı ilə bağlı dediklərini yazmışdı. Həmin yazılarda qeyd olunurdu ki, yeni başçı tapşırıq verib ki, əgər kiminsə şagirdi məsciddə namaz qılmağa gedərsə, onun sinif rəhbəri həbs ediləcək. Yazılanlara görə, bu göstərişdən sonra “Şah Abbas” məscidinə gələn bir qrup müəllim övladlarını və şagirdlərini məsciddən çıxarıb aparıblar.
Bu günlərdə məlumat aldıq ki, Gəncədə məscidlərə polis nəzarəti qoyulub. Belə ki, ibadət evi qarşısında dayanan polis içəri keçənlərə nəzarət edir və məktəb yaşlıların məscidə daxil olmasına imkan vermir. Bu məlumatı ötən gün telefon əlaqəsi saxladığımız Gəncə sakinləri də təsdiqlədi. Füzuli adlı şəhər sakini bildirdi ki, artıq ikinci cümədir ki, Gəncənin bütün məscidlərinin qarşısında polis postları olur: “Polislər məscidin qarşısında dayanıb gələnlərə nəzarət edirlər. Məktəb yaşlı yeniyetmə və uşaqların məscidə daxil olmasına imkan vermirlər. Hətta valideynlərilə gələn uşaqları da geri qaytarırlar”.
Gəncə sakini onu da bildirdi ki, qadağa yeni başçı gələndən sonra, artıq iki həftədir şəhərin bütün məscidlərində tətbiq olunur: “Polis heç bir söz demir, yalnız onu deyirlər ki, bizlik deyil, yuxarıdan belə tapşırıq olub və sair”.