Tarix : 2011 Mar 08
Kod 21765

MÜSAVAT İCAZƏSİZ MİTİNQ QƏRARI VERDİ

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub
Azərbaycan servisi/Aran agentliyi

Partiyanın mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, Gündəliyin partiyadaxili bölümündə partiyanın Şahbuz rayon təşkilatının vəziyyəti müzakirə edilib və onun fəaliyyətinin gücləndirilməsi məqsədilə Təşkilat Komitəsi yaradılıb. Daha sonra kütləvi aksiyalarla bağlı məsələ müzakirə edilib.
Məlumat verilib ki, martın 12-də saat 14:00-dan 16:00-dək  “Təbriz” kinoteatrı qarşısında keçiriləcək mitinq haqqında Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu verilib. Qeyd edilib ki, meriyanın hansı cavab verməsindən asılı olmayaraq mitiq keçiriləcək və partiyanın müvafiq strukturlarına konkret göstərişlər verilib. Qərara alınıb ki, mitinqə hazırlıq çərçivəsində həftə ərzində Sədrlər Şurasının partiya fəalları ilə birlikdə geniş yığıncağı keçirilsin.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə hakimiyyətin son vaxtlar gənclərə qarşı yürütdüyü repressiya müzakirə edilib. Siyasi fəallığı ilə seçilən, gəncləri  kütləvi aksiyalara çağıran və Konstitusiyaya görə alternativ hərbi xidmət keçmək istəyən Bəxtiyar Hacıyevin həbsi ilə bağlı ayrıca bəyanat qəbul edilib və onun dərhal həbsdən azad olunması tələb edilib.
Milli Məclisin TV mərkəzinin rəhbəri Rauf Nəsirovun tutduğu vəzifədən daha aşağı vəzifəyə keçirilməsi haqda məlumat da müzakirə edilib. Qeyd edilib ki, son parlament seçkilərində Arzu Səmədbəylinin rəqibi olmuş spiker  Oqtay Əsədov, müsavatçı namizədin Milli Məclisin TV-sinin arxivində olan videomateriallardan istifadə etməsini Rauf  Nəsirova bağışlaya bilməyib. Daxil olan məlumatlara görə Oqtay Əsədovun göstərişi ilə Milli Məclisin TV-sinin arxivində olan unikal materiallar məhv edilir. Divan Milli Məclisin tarixi ilə bağlı videomaterialların indiki konyukturaya uyğun olaraq məhv edilməsini kəskin qınayır və dərhal bu prosesin dayandırılmasını tələb edir.
Tədbirin sonunda bəyanat qəbul olunub. Bəyanatda deyilir:

"Son vaxtlar hakimiyyət  siyasi fəallıq göstərən gənclərə qarşı repressiya aparır. Bir qədər əvvəl siyasi tədbirlərdə fəallığı ilə seçilən AXCP üzvü Cabbar Savalanlı cibinə narkotik ataraq həbs olunmuşdur. Daha sonra AXCP-nin digər fəal gənci Dəyanət Babayev şərlənərək 10 sutkalıq həbsə məhkum edildi. O, rejimə qarşı kütləvi aksiyaların başlanmasını təbliğ edirdi və internetdə “Facebook” sosial şəbəkəsində xüsusi fəallıq göstərirdi. Müstəqil gənclərin 11 mart aksiyası və Müsavat Partiyasının 12 mart mitinqi ilə əlaqədar hakimiyyət yeni repressiya dalğasına başlayıb.
Gəncə şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə barəsində bir aylıq həbs qərarı çıxarılmış Bəxtiyar Hacıyevlə bağlı daha təhlükəli vəziyyət yaranıb. O, ölkə Konstitusiyasındakı mövcud maddəyə istinad edərək alternativ hərbi xidmət keçmək istəyir. O, sonuncu parlament seçkilərində deputatlığa namizəd olub, təbliğat kampaniyası dövründə rejim əleyhinə kəskin tənqidi fikirlər söyləyib. Bundan əlavə Bəxtiyar Hacıyev rejim əleyhinə kütləvi aksiyalara başlamaq yönündə gənclər arasında təbliğat işi aparır. Onun həbsi istisnasız olaraq siyasi mövqeyi ilə bağlıdır. Həbsdə olduğu zaman ona fiziki təsir göstərilib və işgəncə verilib. Hal-hazırda həbsdə olan Bəxtiyar Hacıyev aclığa başlayıb və bildirib ki, hər an intihar edə bilər.
Müsavat Partiyası Bəxtiyar Hacıyevə qarşı qanunsuzluğa son qoyulmasını,  onun və digər gənclərin dərhal həbsdən azad edilməsini, yeni repressiya dalğasına son verilməsini tələb edir." 

  • Yazılıb
  • da (də) 2011 Mar 08