Tarix : 2011 Mar 08
Kod 21767

''BÖYÜK XALQ GÜNÜ''nə 30 MİNDƏN ÇOX İSTİFADƏÇİ DƏVƏT OLUNUB

''Facebook'' sosial şəbəkəsində yaradılan ''11 Mart - Böyük Xalq Günü'' qrupu virtual etiraz aksiyası keçirəcək
Azərbaycan servisi/Aran agentliyi

FaktXeber.com-un "Turan"a istinadən verdiyi məlumata görə,,  “Facebook” sosial şəbəkəsində yaradılan “11 Mart - Böyük Xalq Günü” qrupu virtual etiraz aksiyası keçirəcək. Qrup martın 11-də “Facebook”da keçiriləcək aksiyaya 30 mindən çox istifadəçini dəvət edib.

Martın 7-dək 2 min 886 nəfər etiraz aksiyasında iştirak edəcəyini bildirib. 5 min 65 nəfər dəvətə rədd cavabı verib. 1911 nəfərin cavabı “ola bilsin, iştirak etdim” olub. 22 min 969 nəfər isə hələ dəvəti cavablandırmayıb.

“11 Mart - Böyük Xalq Günü” qrupunu gənc fəallar Elnur Məcidli, İsa Yusifli, Bəxtiyar Hacıyev, Həbib Müntəzir, Arzu Qeybulla, Məcid Mərcanlı yaradıb. Qrup insanları iqtidara etiraz etməyə çağırır. Qrupun Azərbaycanda yaşayan yeganə üzvü Bəxtiyar Hacıyev martın 4-də Nizami (Gəncə) Rayon Məhkəməsinin qərarı ilə 1 aylıq həbs edilib.

“11 Mart - Böyük Xalq Günü” qrupunun təklif etdiyi əsas şüarlar bunlardır:

- 11 martda Azərbaycan xalqı öz varlığını göstərəcək;

- 11 martda müxtəlif şəhərlər və rayonlarda toplanırıq;

- 5 nəfər, 10 nəfər, 100 nəfər, 1000 nəfər - fərq etmir. Bizi güclü edən gələcəyə və özümüzə olan inamımızdır;

- Azərbaycanda tək olduğunu, yəni sadəcə 1 (nəfər) olduğunu düşünərək haqsızlıqlara susmaq məcburiyyətində qalan böyük çoxluq, ayrı-ayrılıqda özünü tək hesab edənlər var. Tək əldən səs çıxmaz, eyni haqsızlıqlarla üzləşən, eyni ideyanı, əqidəni paylaşan təkləri bir araya sivil formada gətirmənin vaxtıdır;

- Kəndindən, rayonundan, şəhərindən asılı olmayaraq Böyük Xalq Günündə toplanırıq;

- 11 fevralda Misir xalqının israrlı mitinqləri nəticəsində şərq diktatorlarının ən yaşlısı, ən güclüsü istefa verməyə məcbur oldu. Xalq bir arada olarsa, özünü 1 hesab edən böyük səssiz çoxluq eyni anda və eyni yerdə, bir hədəfə vurarsa, istənilən rejimi yıxmağa qadirdir;

- Zəfər indi bizim yanımızdadır, azadlığımız yaxın! Azərbaycan xalqı öz böyüklüyünü rejimə və dünyaya göstərəcək!  

  • Yazılıb
  • da (də) 2011 Mar 08