Tarix : 2011 Mar 08
Kod 21786

Hakimiyyət daxilində inqilab təşvişi

Əliyevlər müxalifətlə islamçıların alyansından yarana biləcək nəhəng aksiyalardan qorxur
/Aran agentliyi

Vətəndaş cəmiyyəti güc qurumlarını qanunsuz əmrləri yerinə yetirməməyə çağırdı

Daxili Qoşunların ölkənin müxtəlif hissələrində yerləşdirilmiş bölmələri təlimlərə başlayıblar. Bu barədə "Turan"a məlumatlı qeyri-rəsmi mənbə bildirib.
Plandankənar təlimlər birbaşa müxalifətin və gənclərin martın 11-də etiraz aksiyası keçirmək niyyəti ilə bağlıdır, deyə mənbə qeyd edib. Bu arada Daxili İşlər Hazirliyi də icazəsiz aksiyalara imkan verməyəcəyini bəyan edib.
Qeyd edək ki, artıq hakimiyyət gənclərin hökumətin istefa verməsi tələbi ilə etiraz aksiyalarına başlamaq çağırışlarına reaksiya verib. Bu tədbirlər çərçivəsində bir neçə fəal həbs olunub, hökumətyönlü KİV-lərdə sosial şəbəkələrə qarşı tənqid başlayıb. Eyni zamanda, hakimiyyət korrupsiyaya qarşı kampaniyaya başlayıb və bu ad altında bir neçə kiçik məmuru həbs edib.
Hökumətdəki mənbələr qeyri-rəsmi söhbətlərdə bildirirlər ki, hakimiyyət genişmiqyaslı etiraz aksiyalarının başlaması ehtimalından çox qorxur və onu ən çox islamçıların ənənəvi sağçı hakimiyyətlə alyansı qorxudur.
Dünən həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri güc qurumlarını qanunsuz əmrləri yerinə yetirməməyə çağırıblar.
Onlar hakimiyyəti gənc fəallara qarşı repressiyalara son qoymağa çağırıb. Həbs edilmiş Jabbar Savalan, Bəxtiyar Hacıyev və Dəyanət Babayevin dərhal azad edilməsini tələb ediblər.
Hüquqi Maarifləndirmə Jəmiyyətinin rəhbəri İntiqam Əliyev 11 martı "Böyük xalq günü" elan etmiş gəncləri dəstəklədiyini bildirib. Onun sözlərinə görə, gənclərin Konstitusiyada təsbit edilmiş toplaşmaq azadlığı hüququ var və cəmiyyət gənclərin təqibini sakitcə seyr etməməlidir.
"Özbaşınalığa qarşı birləşməsək, repressiyalar hər birimizin qapısını çala bilər", deyə İntiqam Əliyev bildirib.
O hesab edir ki, həbslər gənclərin qorxudulmasına yönəldilib. Bu zaman o qeyd edib ki, dövlət orqanları insanları oğurlamaqla və yaxınlarına məlumat verməməklə kriminalla məşğul olurlar. Misal kimi o, Xalq Cəbhəsi Partiyasının fəalı Dəyanət Babayevin martın 4-də yoxa çıxmasını və yalnız ayın 6-da onun guya ictimai asayişi pozduğuna görə 10 gün müddətinə həbs edildiyinin məlum olduğunu göstərib.
"Cümə" məscid dini icmasının imamı İlqar İbrahimoğlu vətəndaşların hüquq və azadlıqlarının, şərəf və ləyaqətlərinin total şəkildə pozulduğunu bildirib. O, vətəndaş cəmiyyətinin səylərini birləşdirməyə çağırıb.
RATİ direktoru Emin Hüseynov bildirib ki, bu görüşdən əvvəl 5 nəfər mülki geyimli şəxs ofisə gələrək toplantının məqsədlərini araşdırıblar. O, bunu vətəndaş cəmiyyəti fəallarının siyasi təqibinə dəlil kimi qiymətləndirib.
Sonda QHT nümayəndələri bəyanat qəbul ediblər. Görüş iştirakçılarının bəyanatında vətəndaşlar etiraz səslərini qaldırmağa və hakimiyyətin repressiyalarına müqavimət göstərməyə çağırılır. Onlar güc qurumlarından, məmurlardan və hakimlərdən vətəndaşlara qarşı zorakılıqdan imtina
etməyi və qanunsuz əmrləri icra etməməyi tələb ediblər. 

  • Yazılıb
  • da (də) 2011 Mar 08