Tarix : 2011 Mar 10
Kod 21827

7 BEYNƏLXALQ TƏŞKİLAT GƏNCLƏRİN AZAD EDİLMƏSİNİ TƏLƏB ETDİ

Yeddi beynəlxalq təşkilat gənc fəalların dərhal azad edilməsini tələb edib
Azerbaijan servsi/Aran agentliyi

Azərbaycan Tərəfdaşları Beynəlxalq Qrupuna üzv olan yeddi təşkilat ölkədə gənc fəallar və blogerlərin həbsi dalğasını pisləyiblər və onların dərhal azad edilməsinə çağırıblar.

FaktXeber.com-un verdiyi məlumata görə, təşkilatların birgə bəyanatında deyilir ki, Azərbaycan hakimiyyəti tərəfindən ifadə azadlığının məhdudlaşdırılması və təzyiqlər barədə məlumatlar son həftələr münaqişənin gərginləşməsinə gətirib çıxarıb. Ən azı Yaxın Şərqdə və Şimali Afrikada baş verən hadisələrdən ilhamlanmış demokratik etiraz çağırışları getdikcə artır.

Beynəlxalq təşkilatlar hakimiyyəti beş gənc fəalı dərhal və qeyd-şərtsiz azad etməyə və ifadə və toplaşmaq azadlığının məhdudlaşdırılmasına son qoymağa çağırır. Xüsusən, onlar Cabbar Savalanın (fevralın 5-də həbs olunub), Bəxtiyar Hacıyevin (martın 4-də həbs olunub), Dəyanət Babayevin (martın 4-də həbs olunub), Rəşadət Axundovun və Səxavət Soltanlının (martın 8-də həbs olunublar) azad edilməsini tələb edirlər.

«Bu həbslər Azərbaycan hakimiyyətinin ünvanına tənqid səsləndirən şəxslərin qorxudulması, təqibi, onlara qarşı zorakılıq və azadlıqdan məhrum edilmələri məqsədilə həyata keçirilib. Bundan başqa, polis Gəncədə üç QHT-ni bağlayıb, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşlarını saxlayaraq, Facebook-dakı fəaliyyətlərilə bağlı dindirib», deyə bəyanatda qeyd edilir.

«Azərbaycan hakimiyyəti beynəlxalq hüquqa riayət etməli, demokratik cəmiyyət üçün böyük əhəmiyyət daşıyan ifadə və sərbəst toplaşmaq azadlığı hüquqlarına hörmət etməli və bu hüquqları müdafiə etməlidir. Aşağıda imza edən təşkilatlar Azərbaycan hakimiyyətini saxlanılmış gənc fəalları dərhal və qeyd-şərtsiz azad etməyə və ifadə və sərbəst toplaşmaq azadlıqlarını məhdudlaşdıran təcrübəyə son qoymağa çağırırlar», deyə sənəddə qeyd edilib.

Bəyanatı Artikl 19, Freedom House, İnsan Hüquqları Evi Fondu, Senzura İndeksi, KİV Müxtəlifliyi İnstitutu, Norveç Helsinki Komitəsi, «Sərhədsiz reportyorlar» imzalayıblar.

Xatırladaq ki, Azərbaycan Tərəfdaşları Beynəlxalq Qrupuna söz azadlığını müdafiə sahəsində fəaliyyət göstərən 20 beynəlxalq QHT daxildir.

  • Yazılıb
  • da (də) 2011 Mar 10