Tarix : 2011 Mar 10
Kod 21831

JURNALİSTLƏR AKSİYALAR BARƏDƏ NƏ DÜŞÜNÜR?

Mövzu ilə bağlı ölkəmizin tanınmış jurnalistlərindən fikirlərini öyrəndik
Azerbaijan servsi/Aran agentliyi

FaktXeber.com-un verdiyi məlumata görə, sosial şəbəkələrdə gənclər tərəfindən yaradılan "11 Mart Böyük Xalq Günü" və "12 Mart" aksiyalarının keçirilməsinə artıq saatlar qalıb. Mövcud hakimiyyət aksiyaların keçirilməsinin qarşısını almaq üçün bir çox addımlar atsa da, virtual məkanda birləşən gənclər aksiya keçirməkdə israrlıdır. Hər gün və hər saat qrupa yeni üzvlər daxil olaraq, aksiya keçirmək üçün öz istəklərini ortaya qoyurlar. Keçiriləcək aksiyalar Azərbaycan xalqı tərəfindən həm yaxşı, həm də tənqidlə qarşılanır. Bəziləri bu aksiyaların ölkədə demokratik mühitin yaranmasında böyük rol oynayacağını düşünür, bəziləri isə aksiyalardan heç nə gözləmədiyini ifadə edir. Mövzu ilə bağlı ölkəmizin tanınmış jurnalistlərindən fikirlərini öyrəndik. Onların da bu məsələyə fikirləri fərqli oldu.

İlk olaraq məsələ ilə bağlı "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinlidən fikirlərini öyrəndik. O, bildirdi ki: "Sabahkı aksiyada iştirakla bağlı hər hansı konkret qərarım yoxdu. Amma peşə fəaliyyətimdən irəli gələrək iştirakım da mümkündü. Bütünlükdə bu proses Azərbaycan üçün bir yenilikdir. Ölkə insanları yeni mərhələyə qədəm qoyur. Fikir və ideya mitinqləri dövrü başlayır. Azərbaycanda hakimiyyətə təsir etmək üçün 3-4 min nəfərlik etirazçı Facebook kütləsi bəs elədi. Bir sıra qərarların qəbul olunmasını buna misal göztərə bilərik. Məncə indiki hadisələr effektiv proses təsiri bağışlayır. Amma mən sabah nə baş verə biləcəyini deməkdə çətinlik çəkirəm. Çünki bu bir yenilikdir. Adətən ölkədə kiminsə hansısa kütləni ardınca aparıb mitinq eləməsini müşahidə etmişik. Burda isə lider yoxdur. Kütlə isə aydın olduğu qədər də məchuldur. Məkan da virtualdır. Amma təsirlilik baxımından əvvəlkilərdən çox üstündür. Məncə Azərbaycanda demokratikləşmə prosesinə artıq start verilib. Geriyə yol artıq görünmür".

Ekstremal Jurnalistika İnstitutunun sədri İdrak Abbasovun mövzu ilə bağlı açıqlaması isə belə oldu: "Açığı mən hansısa ciddi bir aksiyanın keçiriləcəyini gözləmirəm. Amma bu o demək deyil ki, xalq hökumətdən razıdır. İstənilən halda nələrin baş verəcəyini və ya baş verməcəyini yaxın saatlarda biləcəyik. Hələlik bəlli olan bir neçə gəncin şübhəli ittihamlarla həbsidir və rəsmilərin nədəncə keçirdiyi həyəcandır. Ruslar demişkən, "Yaşayarıq görərik". Əlbəttə bir jurnalist kimi nələrsə baş versə hadisələrin mərkəzində olmağa cəhd edəcəm".

AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovbildirib ki: "Aksiya keçirmək xalqın konstitusion haqqıdır. Çox təəssüf ki, avtoritar Əliyev rejmi bu hüququ illərdir heç bir ciddi səbəb olmadan məhdudlaşdırır. Bu baxımdan demokratik və mütərəqqi tələblərlə keçirilən istənilən aksiyanı bəyənirəm və dəstəkləyirəm.Aksiyadan gözləntim odur ki, əlbəttə bir aksiya ilə problemlərimiz həll olan deyil. Ancaq bu aksiyanı baş tutacaqsa xalqın özünə inamı artıracaq, cəmiyyətdə xoş mühiti sarsılacaq. İnsanlar isə azadlıq uğrunda daha da inadkar olacaq".

"Azadlıq" qəzetinin redaktoru Pərviz Cəbyaılisə qeyd etdi ki: "Hər iki aksiyaya qayət normal yanaşıram. Burda qeyri-adi bir şey axtarmağın mənası yoxdu. Ölkənin Konstitusiyası ilə insanların sərbəst toplaşmaq, azad söz demək, fikirlərini bildirmək hüququ var. Qanunla təsbit olunmuş hüquqlara başqa necə yanaşmaq olar, onu bilmirəm. Bu aksiyalardan nə gözləməyə qalanda isə, vətəndaşlar öz hüququndan istifadə eləmək, fikirlərini dilə gətirmək, tənqidlərini bildirmək istəyir. Hökumətin borcu isə bu mitinqlərin və mitinq iştirakçılarının təhlükəsizliyini qorumaqdı – vəssalam. Dövlətin borcu yalnız vətəndaşların hüquqların istifadə eləməsinə yardımçı olmaq, şərait yaratmaqdı. Hakimiyyət niyə bundan qorxuya düşür, anlamıram. İlham Əliyev də korrupsiyaya yox, deyir, bu aksiyasçılar da. Mən yalnız hüquqlarımızın pozulmasına mənfi yanaşa bilərəm. Onu yenə də pozacaqlarsa, vətəndaşlara qarşı zor tətbiq edəcəklərsə, mən də bir yazar kimi bunu tənqid edəcəyəm".

  • Yazılıb
  • da (də) 2011 Mar 10