Tarix : 2011 Mar 11
Kod 21856

Bakıda etiraz aksiyaları

Azərbaycan Respublikasında onlarla gənc Bakıda 28 May metro stansiyasının yaxınlığında etiraz aksiyası təşkil edərək, azadlıq şüarları veriblər.
Azerbaijan servsi/Aran agentliyi

Azərbaycan Respublikasında onlarla gənc Bakıda 28 May metro stansiyasının yaxınlığında etiraz aksiyası təşkil edərək, azadlıq şüarları veriblər.

Güclü təhlükəsizlik tədbirləri ilə yanaşı olan bu etiraz aksiyasında polis əməkdaşları dərhal gənc fəallardan təqribən 16 nəfərini həbs edərək, etiraz aksiyasını sürətlə yatırıblar.

Aksiyada iştirak edən gənclər əllərində "Azad ol" və "Azadlıq" şüarları yazılmış plakatlar tutublar. Media mənsublarına müsahibə verən gənclər isə dərhal mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən saxlanıb, naməlum məkana götürülüblər.

Həmçinin bu gün səhər Bakıda etiraz aksiyalarının keçirilməsindən öncə 4 gənc internet klubundan çıxarkən polis əməkdaşları tərəfindən saxlanıb.

Bundan öncə müxalif partiyaların gənclər təşkilatlarının üzvlərindən olan bir neçə nəfər internetdə "Facebook" saytında bir səhifə yaratmaq və əhali arasında bildiriş vərəqələri yaymaq yolu ilə xalqı 11 Martda Bakıda etiraz aksiyasında iştiraka dəvət etmişdi.

Polis bu hadisədən agah olaraq, hələ bir neçə gün öncədən Bakıda təhlükəsizlik tədbirlərini gücləndiriblər və bu etiraz aksiyasının təşkilatçılarından olan gəncləri həbs etməklə etiraz aksiyasının qarşısını almağa səy göstəriblər. Buna baxmayaraq müxalifət bildirib ki, öz etiraz aksiyalarını davam etdirəcək.

Bu məlumata görə, Bakı polisi bu gün şəhər səviyyəsində təhlükəsizlik tədbirlərini gücləndirərək, etiraz aksiyasında iştirak edən gənclərin kütləvi həbsinə başlayıb. Təhlükəsizlik tədbirlərinin daha çox hiss olunduğu məkanlar Qələbə meydanı, Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin ətrafı olub. 28 May metrosu yaxınlığında da polis qüvvələrinin sayı həddən artıq çox olub.

Bu gün Bakıda hökumət ilə müxalif gənclərin etiraz aksiyası elə bir şəraitdə keçirilib ki, Müsavat Partiyası sabah 12 martda Bakıda etiraz aksiyası keçirməyi planlaşdırır.Bundan öncə İslam Partiyasının müvəqqəti sədri də bu partiyanın etiraz aksiyası təşkil etmək niyyətində olduğundan xəbər vermişdi.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi isə qanunsuz etiraz aksiyalarının kəskin formada yatırılacağı haqda xəbərdarlıq edib.

Azərbaycan Respublikasında bəzi insan haqları müdafiəçiləri o sıradan Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Elmirə Ələkbərova və Arzu Abdullayeva ölkə prezidenti İlham Əliyevə məktub yazaraq, müxalifətdə olan gəclərə qarşı davamlı təzyiqlərdən nigaranlıq edib, həbs olunanların azadlığa buraxılmasını istəyiblər.

Maraqlıdır ki, bu insan haqları müdafiəçiləri hicab qadağasına etiraz edən islamçıların və ruhanilərin həbsi qarşısında sükut edərək, insan haqları müdafiəçisi kimi öz vəzifələrinə əməl etməyiblər.

Azərbaycan Respublikasının Prezident Administrasiyası isə bu etiraz aksiyalarına reaksiyada prezident İlham Əliyevin xalq arasındakı imicinin 70%-dən yuxarı olduğunu bildirib.

Bakı Dövlət Universitetinin rektoru Abil Məhərrəmov da iddia edib ki, Facebook-da 11 Mart-Böyük Xalq Günü etiraz aksiyasına dəvətdə erməni əsilli tələbələrin rolu olub.

Deyli Mil və Quardian qəzetləri isə Azərbaycan Respublikası hökuməti haqda milyarder diktator və zalım diktator ifadələrindən istifadə ediblər.

Türkiyədə çıxan Radikal qəzeti də rəsmi Bakını rüşvətxorluqda ittiham edib və rüşvətxorluq əleyhinə mübarizə üzrə son hərəkətlərin formal olduğunu yazıb.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi də cərəyan edən hadisələrlə bağlı Milli Demokratiya İnstitutunun nümayəndəliyinin sədrini çağırtdıraraq, bu nümayəndəliyin fəaliyyətini qeyri qanuni elan edib.

  • Yazılıb
  • da (də) 2011 Mar 11