Azerbaijan servsi/Aran agentliyi
Müsavat Partiyası Azərbaycan Respublikası paytaxtı Bakının mərkəzində etiraz aksiyası keçirib.
"Fəvvarələr meydanı"na toplaşanlar "Azadlıq!" və "İstefa" şüarları səsləndiriblər.
Polis güc tətbiq edilməklə neçə aksiya iştirakçısını həbs edib.
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Müsavat Partiyasının martın 12-də kütləvi aksiya keçirmək cəhdi ilə bağlı məlumat yayıb. APA-nın xəbərinə görə, məlumatda bildirilir ki, Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları əməkdaşlarının gördüyü tədbirlər nəticəsində qanunsuz aksiya keçirmək cəhdinin qarşısı alınıb, asayişin kütləvi şəkildə pozulmasına imkan verilməyib".
Məlumatda deyilir ki, görülmüş tədbirlərlə qanunazidd hərəkətlərin qarşısı alınaraq 50 nəfər saxlanılıb: "Onlardan asayişin mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan 20 nəfərin əməlləri ərazi polis bölmələrində müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti məhkəmələrə göndərilib. İzahatları alınmış 30 nəfər isə hüquqazidd hərəkətləri yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb. Faktla bağlı araşdırma aparılır".
AXCP sədri Əli Kərimli bu gün keçirilmiş etiraz aksiyası ilə bağlı fikirlərini "Deyerler.org" ilə bölüşüb: "Bu gün Müsavat Partiyasının fəalları öz konstitusion hüquqlarından istifadə etməyə çalışdılar. Çox təəssüf ki, Azərbaycan hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanları qanunazidd, antikonstitusion fəaliyyətlərini davam etdirdilər. Nümayişçilərə qarşı güc tətbiq olundu, onların sərbəst toplaşma, ifadə azadlıqlarının qarşısı alındı. Biz qəti şəkildə bu aksiya zamanı həbs olunanların buraxılmasını tələb edirik. Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarına hörmət olunmasını tələb edirik. Və bildiririk ki, Azərbaycan vətəndaşlarını belə zorakılıqla azadlıqlarından məhrum etmək olmaz. Çox da uzaqda deyil o gün ki, Azərbaycan xalqı artıq ayrı-ayrı partiyalar şəklində deyil, elliklə meydana çıxacaq və o zaman indiki rejim böyük xalq kütləsinin qarşısında aciz olacaq".