Yaşar Cəfərli : ''Ayrı-ayrı fərdlərin pensiya hüquqlarının təmin olunması ilə əlaqədar məsələlərdə məhz MN vətəndaşlara süni problemlər yaradır''
Azerbaijan servsi/Aran agentliyi
Son zamanlar Azərbaycanda hərbinin və hərbçilərin problemlərindən mətbuatda kifayət qədər yazılıb. Və bugünlərdə bu problemlərə biri də əlavə olunub: zabitlərin pensiya hüququ. Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosasiyasının (ATMİA) prezidenti Yaşar Cəfərlinin bildirdiyinə görə, müxtəlif səbəblərdən vəzifələrinin aşağı salınması yolu ilə pensiya hüququ pozulmuş zabitlərin sayı bir neçə deyil, onlarladır: "Onların hər biri həyatlarının ən azı 20-25 təqvim ilini ordu sıralarında Vətənə, hərbi peşəyə həsr edib. Onlar 2-8 il ərzində yüksək vəzifələrdə xidmət etdikdən sonra müxtəlif obyektiv və subyektiv səbəblərdən aşağı maaşlı vəzifələrə təyin olunublar və qısa bir müddət xidmət etdikdən sonra ordu sıralarından tərxis olunmuşlar. Onların pensiyaları aşağı maaşlı vəzifələrdən hesablanmışdır. Mülkü sahələrdə isə 2 və daha çox il ərzində yüksək maaşlı vəzifə tutmuş şəxslərə pensiyaya çıxdığı vəzifələr nəzərə alınmadan daha yüksək vəzifə maaşından pensiya hesablanır. Bu da Konstitusiyanın 25-ci maddəsinin tələblərinə görə vətəndaşların bərabərlik hüququnun pozulması deməkdir. Belə vəziyyətin yaranma səbəblərinə gəldikdə isə, bu bir tərəfdən qanunvericilikdə olan boşluqlarla, bir tərəfdən məhkəmə instansiyalarının müstəqil olmamaları, digər tərəfdən isə yüksək səlahiyyətli məmurların qərəzli mövqeyi və özbaşınalıqları ilə əlaqədardır. Bu ədalətsizliyin aradan qaldırılması və zabitlərin hüquqlarının təmin olunması məqsədiylə müvafiq dövlət strukturlarına, o cümlədən Prezident Administrasiyasına və Nazirlər Kabinetinə müraciət olunacaq."
Y.Cəfərli əlavə olaraq bildirdi ki, “MN-ə lazım olanda istənilən qanuna əlavə və dəyişiklik edilməsinə nail ola bilir. Misal kimi, çağırışla bağlı yaş həddinin 27-dən 35-ə qaldırılmasıni göstərmək olar. Bəs nə üçün məsələlər hərbçilərin sosial rifahına aid olanda MN belə təşəbbüslə çıxış etmək istəmir, məsuliyyəti digər dövlər qurumlarının üzərinə atır? Əslində təşəbbüs ilk növbədə elə ən böyük güc strukturu olan MN-dən gəlməlidir. Amma təəssüflər olsun ki, ayrı-ayrı fərdlərin pensiya hüquqlarının təmin olunması ilə əlaqədar məsələlərdə məhz MN vətəndaşlara süni problemlər yaradır. Hətta məhkəmələrə belə təsirlər göstərir”.