Azerbaijan servsi/Aran agentliyi
Bu gün Azərbaycanın Tovuz rayonu ərazisində dəmir yolunda qəza baş verib. Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun ANS-ə verdiyi məlumata görə, Tovuz-Qovlar mənzilində yük qatarının V vaqonu relsdən çıxıb.
Hadisə səhər saat 8:30 radələrində baş verib. Tiflisdən Bakıya boş neft çənlərini gətirən vaqonun təkər cütlüyü relsdən çıxıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Gəncə Dəmir Yolu stansiyasının işçiləri gəlib.
Nadir Əzməmmədovun sözlərinə görə, problem artıq aradan qaldırılıb. Hadisə nəticəsində qatarların qrafikində heç bir gecikmə olmayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.