Tarix : 2011 Mar 21
Kod 22023

Dini hədislər divarlardan yığışdırılır?

Bakıətrafı qəsəbəsində küçələrdə yazılmış dini şüarlar yığışdırılacaq
Azerbaijan servsi/Aran agentliyi

Dini şüarların və meydan adlarının yığışdırılacağı xəbəri camaatın qəzəbinə səbəb olub.

Bakıətrafı qəsəbəsində küçələrdə yazılmış dini şüarlar yığışdırılacaq. Artıq bununla bağlı bələdiyyələrə və yerli icra hakimiyyətlərinə xüsusi göstərişdə verilib. Bu isə bəzi Bakı kəndlərində qəzəblə qarşılanıb. Hətta sakinlər belə bir işi həyata keçirəcək şəxslərə ciddi müqavimət göstərçəklərini deyiblər.

Bu barədə “Yeni Müsavat” Maştağa kəndində yaşayan sakinlərindən biri məlumat verib. Adının çəkilməsini istəməyən həmin şəxs əməkdaşımızla söhbətində bildirib ki, bu günlərdə Bilgah qəsəbəsində küçələrə yazılmış dini şüarlar yığışdırılıb və növbə Nardaranındı: “Bu işi yerli icra nümayəndəliyinin və polisin əməkdaşları həyata keçirib”.
Mənbənin sözlərinə görə, son illər Bakı ətrafı kəndlərdə küçələrə ərəb və Azərbaycan dillərində çoxlu sayda dini şüarlar yazılıb: “Bundan əlavə kəndlərdə İslam dininin tanınmış simalarının adına küçə və meydanlar da təsis edilib. Həmin adları meydanlara kimin və hansı təşkilatın verdiyi bəlli deyil. Qaydaya görə, qəsəbələrdəki küçələrə və meydanlara adlar yerli icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilə bilər. Küçələrə şüarların yazılması və ya yapışdırılması da adı çəkilən qurumların icazəsi ilə olmalıdır. Amma Bakı kəndlərində belə deyil. Bəzi kəndlərdə meydanlara verilən adlar və divarlara yazılan dini şüarlar kənd Ağsaqqallar Şurasının qərarı ilə həyata keçirilib. Bu sahədə ən gərgin vəziyyət Nardaran qəsəbəsində müşahidə edilməkdədir. Maraqlıdır ki, Nardaran qəsəbəsində küçə boyu yazılmış dini şüarların əksəriyyəti ərəb və fars dillərindədir və mənası başa düşülmür”.
Məsələ ciddiliyini nəzərə alaraq Nardaran Kənd Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimovla əlaqə saxladıq. Məşədi Natiq bu kimi cəhdlərin əvvəllər də olduğunu dedi: “Mən də başqa kəndlərdə küçələrdən dini şüarların yığışdırılmasını eşitmişik. Əvvəllərdə Nardarandan bu şüarları yığışdırmaq istəyiblər. Amma camaat qarşısını alıb. Hətta bununla bağlı kənddə xoşa gəlməz hadisədə baş verib. Belə ki, divarlara yazılmış şüarları pozmaq istəyən polis işçilərini camaat girov götürdü. Aidiyyəti qurumlar işə qarışdıqdan sonra pozulmuş şüarlar yenidən divara yazıldı və tutulan polislər sərbəst buraxıldılar. Bu dəfə də belə olacaq. Heç kəs qəsəbədə divarlara yazılmış şüarları yığışdırtdıra bilməz. Camaat buna imkan verməz. Hicab məsələsi də belədir. Biz bu məsələlərdə kiməsə güzəşt etmək fikrimiz yoxdur”. N.Kərimov bələdiyyənin və yerli icra hakimiyyətinin belə bir addım atacaqlarına inanmadığını da söylədi: “Bələdiyyə nə işlə məşğuldur məlum deyil. Kənddəki meydanların adlarını heç kəs dəyişə bilməz. Bu meydanlara adı İslamı sevən nardaranlılar verib”.
Xatırladaq ki, hazırda Nardaranda Həzrət Abbas, İmam Hüseyn və Həzrəti Əli meydanları var.

Yeni Müsavat

  • Yazılıb
  • da (də) 2011 Mar 21