Azərbaycanlı qanuni oğru, kriminal aləmdə xüsusi nüfuza malik, ”Masallı Mamed'' kimi tanınan Məmməd İsgəndər oğlu Hüseynov cəza çəkdiyi 1 saylı müəssisədə dünyasını dəyişib
Azerbaijan servsi/Aran agentliyi
Azərbaycanlı qanuni oğru, kriminal aləmdə xüsusi nüfuza malik, ”Masallı Mamed" kimi tanınan Məmməd İsgəndər oğlu Hüseynov cəza çəkdiyi 1 saylı müəssisədə dünyasını dəyişib.
Bu barədə musavat.com-a Masallı Mamedin yaxınları məlumat veriblər. Onların deməsinə görə, “qanuni oğru”nun ölümünə səbəb beyninə qan sızmasıdır. Hadisə 20 mart günü, günorta saatlarında baş verib. Məmməd Hüseynovun halı qəfildən pisləşib, onu xəstəxanaya çatdırıblar, həkimlər müdaxilə etməyə fürsət bulublar. Lakin arestantın həyatını xilas etmək mümkün olmayıb. Masallı Mamedin ölüm səbəbi kimi rəsmi diaqnoz beyninə qan sızması kimi göstərilib. Yaxınları hələlik hər hansı qəsd versiyası barədə iddia irəli sürməyib. Lakin o da məlum olub ki, “qanuni oğru” dünən və bu gün telefonla yaxınları ilə danışıb, onlarla bayramlaşıb. Son olaraq ölümündən bir neçə saat əvvəl, 20 mart, saat 11 radələrində qardaşı ilə danışıb.
Masallı Mamed 1960-cı ildə doğulub. Qəzetlərin də dəfələrlə yazdığı kimi, şəkər xəstəliyindən əziyyət çəkirdi. Hətta bir neçə dəfə həbsxanada onun ölüm ayağında olması ilə bağlı xəbərlər dərc olunub. O zaman mərhumun yaxınları “Yeni Müsavat” qəzetinə bildirmişdilər ki, “qanuni oğru” xəstə-filan deyil, bu xəbəri qəsdən yayırlar və bunun arxasılnda ona sui-qəsd dayana bilər. Qəzetimizin 24 sentyabr tarixli 2008-ci il tarixli sayında Məmməd Hüseynovun yaxınlarına istinadən belə bir xəbər getmişdi: “Başqa bir mənbədən aldığımız məlumatda isə bildirilir ki, “Masallı Mamed”in şəkər xəstəliyinin ən ağır formasından əziyyət çəkməsi və ölüm ayağında olması barədə xəbərlər maraqlı dairələr tərəfindən yayılır. Qaynağın bildirdiyinə görə, ortada M.Hüseynovun aradan götürülməsi planı var. Bu cür xəbərlər də ona görə yayılır və faktiki olaraq “Masallı Mamedin” fiziki məhvinə hazırlıq məqsədi daşıyır...”
Qeyd edək ki, 1 saylı cəzaçəkmə müəssisəsində tanınmış azərbaycanlı “qanuni oğru” - Lotu Bəxtiyar da dünyasını dəyişmişdi. Ortalıqda doğruluğu təsdiqlənməyən belə bir iddia var ki, Lotu Bəxtiyarı o zamanlar bədəninə zəhər yeridərək, qəsdən öldürmüşdülər.
Uzun müddət Moskvada yaşayan Məmməd Hüseynov azərbaycanlı qanuni oğru “Sabirabadlı Hikmət”in qətlə yetirilməsindən sonra onun varisi sayılırdı.
Bu xəbər çapa hazırlanarkən mərhum Məmməd Hüseynovun yaxınları onun cənazəsini doğma yurdu Masallıya aparırdılar. Allah rəhmət eləsin.
İslam-Azeri.az: qeyd edək ki, Masallı Mamedlə AİP-in sədr müavini Hacı Vaqif Abdullayev yaxın qohumdurlar.