Liviyada baş verən hadisələr qərb dövlətlərinin ikili standartlar siyasətini bir daha nümayiş etdirir
Beynalxalq servisi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, Qarabağ Azadlıq Təşkilatı Liviyada baş verən hadisələrlə əlaqədar bəyanat verib. Bəyanatda deyilir:
"Liviyada baş verən hadisələr qərb dövlətlərinin ikili standartlar siyasətini bir daha nümayiş etdirir. Bu həqiqətdir ki, M.Qəddafi Liviyada eybəcər bir rejim yaratmışdı, öz xalqına heç bir hüquq və seçim imkanı qoymamışdır. Bu vəziyyət hər kəs tərəfindən pislənilməlidir. Lakin qərb dövlətlərinin bu vəziyyətə bu günə qədər dözməsi, ən müxtəlif səviyələrdə Qəddafinin qəbul olunması, onun müxtəlif ölkələrdə çadır qurub dövlət başçılarını qəbul etməsi və sair eybəcərliklərə dözməsini başa düşmək olmur. Görünür, qərb dövlətləri, beynəlxalq təşkilatlar Qəddafi eybəcərliklərini görməməzliyə vuraraq, daha çox iqtisadi, neft maraqlarını düşünmüşlər. İndi hərəkətə keçmələri isə iqtisadi maraqlarına yaranmış təhlükə ilə bağlıdır. Bu maraqların naminə isə dinc əhalini də məhv etməkdən çəkinmirlər.
Bu hadisələr həmçinin Qərb dünyasının ikiüzlü və ikili standartlarından xəbər verir. Bir müddət əvvəl İraqa, indi Liviyaya qarşı raketlərdən və aviasiyadan da istifadə etməklə ən kəskin hərbi müdaxiləyə əl atan Qərb dövlətləri işğalçı və terrorçu Ermənistan rejiminə qarşı adi sanksiyalar da tətbiq etməkdən çəkinirlər. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqları zəbt edilmiş, 1 milyondan artıq insan öz yurdlarından qovulmuş, minlərlə insan, o cümlədən uşaq və qadınlar qətlə yetirilmişdir. Liviyanı dərhal məhv etməyə başlamış ABŞ, İngiltərə, Fransa, həmçinin onların rəhbərlik etdikləri beynəlxalq təşkilatlar nə üçün erməni işğalı və vəhşiliyini görmür və ya görmək istəmirlər?! Biz beynəlxalq birliyin bu ikili standartlar siyastini ittiham edir və bu siyasətə qarşı nifrətimizi bildiririk. Biz hesab edirik ki, ABŞ, İngiltərə, Fransa və digər dövlətlər, BMT, NATO dərhal işğalçı və terrorçu Ermənistan rejiminə qarşı hərbi əməliyyatlara başlamalı, yaxud Azərbaycanın hərbi əməliyyatlara başlamasına mane olmamalıdır."