Buzovna kəndinin ərazisində Neft Şirkətinə aid olduğu söylənilən sahədə tikilən evləri heç bir xəbərdarlıq etmədən sökməyə başlayıblar
Azərbaycan servisi/Aran agentliyi
Buzovna kəndinin ərazisində Neft Şirkətinə aid olduğu söylənilən sahədə tikilən evləri heç bir xəbərdarlıq etmədən sökməyə başlayıblar. Burada 200-dən artıq evin sökülməsi, sakinlərin isə “heç hara” köçürülməsi planlaşdırılıb. Evləri sökmək üçün əraziyə texnika yeridiləndə kənd sakinləri etiraz aksiyasına əl atıblar. Bir neçə yüz adam Buzovna-Maştağa yolunu bağlamaqla hökumətin diqqətini cəlb etməyə çalışıb. Etiraz aksiyasını dağıtmaq üçün əraziyə əlavə polis dəstələri cəlb edilib. Polis kənd sakinlərinə hücum edib, toqquşma baş verib. 6 nəfərin ağır yaralandığı barədə xəbər var.
“Azadlığ”a məlumat verən kənd sakinləri bildirirlər ki, burada ev tikmək üçün həyətyanı sahə alınmasına külli miqdarda pullar verilib: “Biz buraları öz başına zəbt etməmişik. Həyətyanı sahə üçün 10 min, 12 min manat pul verilib. İndi gəlirlər ki, hansısa məmur qanunsuz iş görüb, burada ev tikilə bilməz və evləriniz sökülməlidir. Buzovna tərəfdə, “Tağıyevneft”ə məxsus ərazini də beləcə boşaltmışdılar. O ərazilərdəki evləri uçirandan sonra boşalmış sahələri mafiozlara, oliqarxlara satdılar. İndi heç kim şübhə etmir ki, son qəpik-quruşunu burada ev tikmək üçün xərcləyən kasıb-kusubu buradan qovub bu torpaqları da pullu məmurlara satacaqlar. Biz neyləyək, bu xarabada bizim yaşamaq haqqımız yoxdur?!”.
“Bu ərazidə tikilən evlər kimlərə məxsusdur”, sualına cavab olaraq kənd sakini bildirdi ki, “qaçqınlar da var, yerli sakinlər də. Heç nə, kasıb-kusub. Ona görə bizi qanımıza qəltan eləyirlər də”.
İş günü olmadığından dövlət idarələrindən kimsəni tapıb Bu hadisə ilə bağlı başqa xəbər öyrənmək mümkün olmadı. \Azadlıq qəzeti\