Evdən aparılan seyfin içində 12 milyon manat dəyərində pul və qızıl-zinət əşyaları olub
Azərbaycan servisi/Aran agentliyi
Evdən aparılan seyfin içində 12 milyon manat dəyərində pul və qızıl-zinət əşyaları olub.
Bakıda nazir müavinlərindən birinin evindən oğurluq edilib. “Azadlıq”a daxil olan məlumatlara görə, nazir müavininin Bakıxanov qəsəbəsində yerləşən dəbdəbəli villasından içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb. Hadisə 2010-cu ilin sentyabrın 19-da baş verib. Daxili Işlər Nazirliyinin Baş Cinayət Axtarış Idarəsi və Sabunçu rayon Polis Idarəsinin 13-cü polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində bu hadisədə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuş Şaiq Səttarov və Pərvin Məmmədov martın 16-da həbs edilib.
Lakin DIN-in bu barədə yaydığı məlumatda oğurluq baş verən evin Çingiz Məmmədov adlı sahibkara məxsus olduğu bildirilib. Həmçinin oğurlanan məbləğ 250 min manat göstərilib. Əldə etdiyimiz məlumatlarda isə deyilir ki, əslində nazir müavininə məxsus villadan oğurlanan seyfdə ümumilikdə 12 milyon manat dəyərində pul və qızıl-zinət əşyaları olub. Hadisə əvvəlcə gizli saxlanılıb. Şübhəli bilinənlər həbs edildikdən sonra isə müəyyən redaktələrlə ictimaiyyətə bu barədə məlumat verilib.
Cinayətin necə açılmasına gəlincə, məlumatlara görə, bu işdə nazir müavininin evindən oğurlanmış bahalı mobil telefon hüquq-mühafizə orqanlarının köməyinə çatıb. Hüquq-mühafizə orqanları məhz həmin telefon vasitəsilə cinayətin izinə düşüblər. Şaiq Səttarovla Pərvin Məmmədov telefonu 1000 manata bir şəxsə satıb. Hüquq-mühafizə orqanları həmin şəxsi saxladıqdan sonra hadisənin kimlər tərəfindən törədildiyini öyrənə biliblər. Əvvəlcə Şaiq Səttarov, daha sonra Pərvin Məmmədov saxlanılıb. Məlumatlarda deyilir ki, Şaiq Səttarovun evində axtarış aparılarkən bir banka briliant daş-qaş aşkar edilib. Həmçinin bəlli olub ki, həbsxanadan yenicə çıxmış Şaiq Səttarov qısa müddət ərzində bahalı avtomobillər, kənd təsərrüfatı texnikası, restoran alıb.
Oxucuların diqqətinə çatdıraq ki, evi oğurlanan nazir müavininin adı da bizə bəllidir, sadəcə bəzi dəqiqləşdirmələr apardığımızdan hələ açıqlamırıq. DIN-nin məlumatında adı keçən Çingiz Məmmədova gəlincə, o, formal olaraq evin sahibidir. Yəni, başqa məmurlar kimi evi oğurlanan nazir müavini də villasını öz adına keçirməyib.