Tarix : 2011 Mar 28
Kod 22086

Gəncədə məmurlar arasında dava qızışır

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə Gəncə Şəhər Polis İdarəsinin (ŞPİ) rəisi Rasim Musayev arasında əsl savaş gedir
Azərbaycan servisi/Aran agentliyi

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə Gəncə Şəhər Polis İdarəsinin (ŞPİ) rəisi Rasim Musayev arasında əsl savaş gedir. Bu münaqişə açıq düşmənçilik də adlandırıla bilər. Bu barədə “Yeni Müsavat”a bölgədəki mənbə məlumat verib. Qaynağımızın sözlərinə görə, icra başçısı ilə polis rəisi arasındakı davanın əsası ötən ay baş verən məlum hadisə ilə qoyulub. Belə ki, E.Vəliyev Gəncəyə icra başçısı təyin ediləndən dərhal sonra şəhərdə yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.

 

 
 

“Təşəbbüs icra hakimiyyətində işləyən bəzi məmurlarla yanaşı polis rəisinin də xoşuna gəlməyib. Elmar Vəliyev vaxtilə Yevlaxda da belə bir fond təsis etmişdi. Qaydaya görə, rayon üzrə büdcədən maliyyələşən işçilərin aldığı əməkhaqqının 3 faizi bu fonda köçürülməli idi. Bu yolla da Elmar Vəliyev fonda hər il bir neçə yüz min manat yığıb istədiyi kimi xərcləyirdi. İndi isə o, əvvəlki əməllərini Gəncədə də təkrar etmək istəsə də şəhərin polis rəisi buna imkan verməyib. Bu isə icra başçısını bərk qəzəbləndirib”.
Hazırda rəislə icra başçısı arasındakı konfliktin günbəgün dərinləşdiyini söyləyən mənbə R.Musayevə qarşı başlanmış kampaniyaya prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun və onun Gəncədəki qohumlarının da dəstək verdiyini dedi: “Rəislə icra başçısı arasında yaranmış münaqişə bu üzdən son həddə çatıb”.

 

 
 

E.Vəliyevin adının bir çox cinayətlərdə hallandırıldığını söyləyən mənbə hazırda R.Musayevin də ona qarşı kompramatlar hazırladığını dedi: “Elmar Vəliyev 1994-2003-cü illərdə Dövlət Gömrük Komitəsi Yevlax şöbəsinin rəisi işləyib. 2003-cü ildə onu Dövlət Gömrük Komitəsinə məsul vəzifəyə apardılar. 2004-cü ildə isə Yevlax rayonuna başçı təyin olundu. 2003-cü ildə o, Gömrük Komitəsində işlədiyi zaman yaxın münasibətdə olduğu Yevlax gübrə bazasının direktoru Sədaqət Ağayev və onun müavini Paşa Məmmədov bölgədən keçən köhnə magistral qaz kəmərini söküb satarkən Gəncə polisi tərəfindən həbs edilmişdilər. Sonradan onlar Elmar Vəliyevin köməyi ilə həbsdən azad olundular. Elmar Vəliyev Yevlaxa icra başçısı təyin ediləndən sonra adıçəkilən şəxslərin hər ikisi məsul vəzifələrə təyin olunmuşdu”.
Amma məsələ bununla da yekunlaşmayıb. Belə ki, 2006-cı ildə E.Vəliyevə yaxınlığı ilə seçilən Yevlax sakini Samit Əhmədov (qardaşı Hümbət Həmidov hazırda Yevlax Rayon İcra Hakimiyyətində şöbə müdri işləyir) narkotik maddələrin daşınması və saxlanması üstə Gəncə polisi tərəfindən həbs edilib: “İstintaq zamanı şahidlərdən biri Samit Əhmədovun üzünə durmağa məcbur edilib və təzyiq yolu ilə həmin şahiddən dəstəyə Elmar Vəliyevin rəhbərlik etməsi barədə ifadə alınıb. Bu ifadəyə görə Elmar Vəliyevdən külli miqdarda ödənc alınıb. Samit Əhmədov isə 1 il azadlıqdan məhrum edilib”.
Sonda mənbə onu da bildirdi ki, artıq şəhərdə R.Musayevin işdən getməsi barədə açıq söhbətlər gedir.

 

 

Yeni Müsavat 

 
  • Yazılıb
  • da (də) 2011 Mar 28