Tarix : 2011 Mar 28
Kod 22098

ADP HAKİMİYYƏTƏ ÇAĞIRIŞ ETDİ

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
Azərbaycan servisi/Aran agentliyi

ADP mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri son vaxtlar işğalçı Ermənistan tərəfindən ardıcıl olaraq atəşkəs rejiminin pozulması nəticəsində mülki və hərbi vətəndaşlarımızın şəhid olmasından ciddi narahat olduğunu bildirib və bu itkilərin arxasında atəşkəs rejiminin effektsizliyinin durması faktını diqqətə çatdırmaqla hakimiyyətdən öz vətəndaşlarını xarici müdaxilədən qorumaq üçün konkret tədbirlər görməyi tələb edib.

Türkan qəsəbəsində sakinlərin sosial tələblər və hakimiyyətin özbaşınalığından doğan narazılıqlar fonunda etiraz aksiyaları keçirməsinə münasibət bildirən partiya rəsmiləri bu və Azərbaycanın digər bölgələrində baş verən digər sosial narazılıqların haqlı olduğunu bildirib və hakimiyyəti etirazçıların tələblərinə ciddi reaksiya verməyə, meşə, bulaq başı, dəniz sahilləri və ictimai mülkiyyətin əhatə etdiyi başqa yerlərdə xalqın sərvəti hesabına qeyri-qanuni dəb dəbəli tikililər aparan məmurlar barədə lazımi ciddi tədbirlər görməyə çağırıb. İdarə Heyəti üzvləri Azadlıq qəzetinin jurnalisti Seymur Həziyevin naməlum şəxslər tərəfindən oğurlanaraq döyülməsi və ona bədən xəsarəti yetirilməsi faktını qətiyyətlə pisləyib və siyasi sifarişlə həyata keçirilən bu faktın arxasında demokratik dəyişilmələrdə  aktiv iştirak edən vətəndaşların gözünün qorxudulması durmaqla, hakimiyyətin siyasi plüralizmə və söz və mətbuat azadlığına qarşı  növbəti addımı kimi dəyərləndirib.

İdarə Heyəti üzvləri Liviya, Yəmən, Bəhreyn, Suriya və digər ərəb ölkələrində səngimək bilməyən, qanlı olaylar və böyük insan itkiləri ilə müşahidə edilən inqilabi hadisələrin daha kəskin xarakter alması və həmin ölkə diktatorlarının öz xalqlarına qarşı hərbi cinayətlərə əl atması faktından ciddi narahat olduğunu bildirib və  beynəlxalq birlikləri demokratik dəyişiklikləri qan gölündə boğmaq istəyən bu cür diktatorlara  qarşı mübarizəni qanlı hadisələr başlamazdan, minlərlə insan qurban verilməmişdən, şəhər və kəndlər xarabazarlığa çevrilməmişdən əvvəl tədbirlər görməyə, qeyri qanuni, hərbi çevrilişlərlə hakimiyyətə gələn bu cür uzurpatorları preventiv addımlar atmaqla hakimiyyətdən uzaqlaşdırmağa çağırıb.

Ev telefonlarının pullu xidmətə götürülməsi və çanaq antenaların yığışdırılaraq yeni kabel sisteminə keçirilməsi ilə bağlı hakimiyyətin atmaq istədiyi addımlara münasibət bildirən İdarə Heyəti üzvləri Azərbaycanda danışıq taariflərinin dünya ölkələrindən yüksək olması fonunda bu addımın atılmasının onsuz da sosial ehtiyaclar içində yaşayan xalqımız üçün ikiqat zərbə olacağından və kabel sisteminin tətbiqi ilə vətəndaşlarımızı alternativ informasiyadan məhrum ediləcəyindən narahat olduğunu bildirib hakimiyyəti bu addımdan daşınmağa çağırıb. İdarə Heyətində partiya quruculuğu və müxalifətdaxili inteqrasiyaya dair müzakirələr də aparılıb. Müzakirələr zamanı İctimai Palatanın aprelin 2-nə təyin etdiyi mitinqlə bağlı məsələyə münasibət bildirilib və ölkə vətəndaşlarının kütləvi etiraz aksiyası təşkil etmək kimi konstitusion hüquqlarının hakimiyyət tərəfindən etiraf olunmasının və aksiyanın keçirilməsi üçün normal şəraitin yaradılmasının   vacibliyi bir daha qeyd edilib, eyni zamanda partiya üzvlərinin bu aksiyada iştirak etməkdə sərbəst olması haqqında qərar qəbul edilib.

Eyni zamanda İdarə Heyəti üzvləri ötən aksiyalar zamanı dinc etirazçıların həbs olunması və polis idarələrində yüksək rütbəli polis məmurları tərəfindən işgəncələrə məruz qoyulması ilə əlaqədar bir daha narahatlıqlarını bildirməklə yanaşı, polisi siyasətdən uzaq durmağa, vətəndaşları siyasi baxışlarına görə zorakılığa məruz qoymaqdan əl çəkməyə də çağırıb. 

  • Yazılıb
  • da (də) 2011 Mar 28