Tarix : 2011 Mar 28
Kod 22099

AZƏRBAYCANIN NÜFUZLU RUHANİLƏRİ İQTİDARA SƏSLƏNDİ

''Görəsən siz məmurlar üçün Azərbaycanın milli-mənəvi və dini dəyəri olan hicabın bir yumurta qədər dəyəri yoxdur?''
Azərbaycan servisi/Aran agentliyi

Faiq Vəlioğlu: "Bu gün Azərbaycanda sərbəst toplaşmaq və mənəvi dəyərlər haqqında olan qanunlara əməl olunmur"
Hacı Əli Əliyev: "Problemlər həll olunana qədər, öz mübarizəmizdən geri çəkilməyəcəyik"
Tovhid İbrahimbəyli: "Görəsən siz məmurlar üçün Azərbaycanın milli-mənəvi və dini dəyəri olan hicabın bir yumurta qədər dəyəri yoxdur?"
Elçin Manfov: "Ola bilsin mitinq iştirakçılarının sayı 10 min nəfərdən də çox olsun"
Asəf Əliyev: "Canımız bahasına olsa belə, mübarizəmizi dayandırmayacağıq"
Növrəstə İbrahimova: "Bu gün əgər İslami dəyərləri İngiltərə və Tayland qəbul edib ona hörmətlə yanaşırsa, sən məmurun bu dəyərə qarşı çıxmağının səbəbi nədir?"

FaktXeber.com-un verdiyi məlumata görə, bu gün Hicab və Hicab Məhbuslarının Müdafiə Komitəsi mətbuat konfransı keçirib. Konfransda ölkənin müxtəlif regionlarından olan ruhanilər, dindarlar və ictimaiyyət nümayəndələri iştirak edib. Konfransın əsas mövzusu Qarabağ problemi, hicab probleminin həll olunması və hicab məhbuslarının tezliklə azadlığa buraxılması olub.

Tədbirdə ilk olaraq çıxış edən müdafiə komitəsinin üzvü Faiq Vəlioğlu, Azərbaycanda insan haqqlarının dəhşətli dərəcədə pozulduğunu qeyd edib və konfransın mövzusuna öz münasibətini bildirib. "Mən əvvəlcə dəvəti qəbul edib konfransa gələn hər bir şəxsə öz təşəkkürümü bildirirəm. Azərbaycan hazırda problemlər içərisində boğulur. Xüsusilə Qarabağ probleminin 20 ilə yaxındır həll olunmaması və ölkədə baş qaldrımış İslamafobiya kampaniyası bu problemlərin bariz nümunəsidir. Ölkənin bu cür ağır bir vəziyyətində ruhani sözünə həddən artıq ehtiyac var. Azərbaycan höküməti 15-ə yaxın beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürüb. Lakin biz bu gün mövcud hakimiyyət tərəfindən bu öhdəlikərin kobud şəkildə pozulmasının şahidi oluruq. Bu gün Azərbaycanda sərbəst toplaşmaq və mənəvi dəyərlər haqqında olan qanunlara əməl olunmur. Hazırda ölkənin nüfuzlu ruhaniləri şərlənərək həbs ediliblər. Dindarlara qarşı atılan bu cür böhtanlar İslama və ölkəmizə qarşı atılan bir ləkədir.  Bu cür böhtanlar bizi dünya qarşısında gülünc bir vəziyyətə qoyub. Nə vaxtdan konstitusion hüquqlarımızı tələb etmək cinayət olub?  Biz bir müdafiə komitəsi olaraq, bu qanun pozuntuları və həbslərlə əlaqədar 100-ə yaxın beynəlxalq təşkilatlara müraciət etmişik. Burdan dövlət strukturlarına üzümüzü tutub deyirik ki, tezliklə ölkədə baş qaldırmış bu problemləri həll edin. Əgər ölkənin nüfuzlu ruhaniləri əllərinə Quran alıb bu məsələ ilə əlaqədar ciddi fəaliyyətə başlasalar, bu cür hal hakmiyyət üçün heç də yaxşı nəticələnməyəcək. Əgər bu mübarizə yolunda biz ruhanilərin hamısını həbsə atsalar belə, öz mübarizəmizdən əl çəkməyəcəyik. Bizim tələbimiz budur ki, tezliklə hicab qadağası haqqında qanun ləğv edilməli, hicab məhbusları azadlığa buraxılmalı və Qarabağ probleminin həlli istiqamətində hakimiyyət tam olaraq xalqın iradəsindən istifadə etməlidir. Əgər Qarabağ probleminin həlli istiqamətində hakimiyyət müsbət addımlar atmazsa, biz ruhani alimlər olaraq Azərbaycanda ermənilərə qarşı cihad elan edəcəyik. Biz dindarlar üçün vətən də, torpaq da, hicab kimi müqəddəsdir. Erməni zindanlarında saxlanılan Azərbaycan əsirləri artıq 15 ildir ki, düşmənlərimizin əlindədir. Bizim başımıza gətirilən bu cür hallar ölkəmiz üçün utancverici və ləkədir"-deyə Faiq Vəlioğlu qeyd etdi.

Sonra çıxış edən ölkənin nüfuzlu ruhanisi Hacı Əli Əliyev ilahi elçilərin və alimlərin cəmiyyətdəki təlimlərindən danışdı. Nüfuzlu alim hazırda İslam dinini təmsil edən fərdlərin ilahi və insani dəyərləri qorumaq üçün əllərindən gələn hər bir şey etməyə lazım olduqlarını bildirdi. "Bəzi vaxtlar biz ruhaniləri kimlərinsə sifarişlərinə uyğun olaraq dini müdafiə etdiyimizi deyirlər. Ruhanilər müdafiə etmək istədikəri dəyərləri, Quran və peyğəmbərin göstərişlərinə uyğun olaraq həyata keçirirlər. Onu da qeyd edim ki, bizim haqqımızda yayılan bu cür böhtanlar, heç bir halda bizi öz mübarizə yolumuzdan saxlamayacaq. Hər bir halda bu problemlər həll olunana qədər, öz mübarizəmizdən geri çəkilməyəcəyik"-deyə Hacı Əli Əliyev əlavə edib.

Bundan sonra çıxış edən müdafiə komitəsinin üzvü və ruhani alim Tovhid İbrahimbəyli din düşmənlərinə müraciət etdi. "Allah Qurani-Kərimdə buyurub ki, din düşmənlərini xoşuna gəlsə və ya gəlməsə də Allah öz nurunu tamamlayacaq. Hicabı qadağa edənlər və ilahi şəxsiyyətlərə qarşı böhtan atanlar tam əminliklə bilsinlər ki, tezliklə zəlil olacaqlar. Bizlər sadəcə olaraq öz vəzifəmizi yerinə yetiririk. Hacı Mövsüm Səmədovun çıxışı zamanı  bildirmişdi ki, "Elə ki dininiz təhlükəyə düşsə canınızı verib onuqoruyun". O, öz canı və azadlığı bahasına dini dəyərlərin müdafiəsinə qalxdı. Bizlər də  bu yolda hər bir şeyimizdən keçməyə hazırıq. Mənim sözüm hakimiyyətdə olan məmurlaradır. Görəsən siz məmurlar üçün Azərbaycanın milli-mənəvi və dini dəyəri olan hicabın bir yumurta qədər dəyəri yoxdur?. Qısa bir müddət ərzində yumurtanın bahalaşmış qiymətini aşağı saldız. Məgər hicab taxanlar bu ölkənin vətəndaşları deyil. Onlar da azərbaycanlıdır. Bizim hakimiyyətdən tələbimiz budur ki, bizim konstitusion hüquqlarımızı bərpa edib ruhani məhbusları tezliklə azadlığa buraxsın.  Əgər bizim hüquqlarımız bərpa olunmazsa, İslam dini bizə hüquqlarımızı bərpa etmək üçün yol göstərib. Bizim hətta ölümümüz bahasına belə, bu mübarizəmizdən əl çəkməyəcəyik"-deyə Tovhid İbrahimbəyli söylədi.

Daha sonra çıxış edən Azərbaycan İslam Partiyasının sədri Elçin Manafov, Allah dininə qarşı uzanan xəyanətkar əllərlə mübarizə aparmaq  üçün yaradandan yardım istədiyini və şükr etdiyini bildirdi. Sonra konfransın mövzusuna münasibət bildirən AİP sədri bunları dedi: "Sükr olsun ki, Allah bizləri öz dinini qorumaq məsuliyyətini nəsib edib. Biz AİP olaraq öz haqqlarımızı tələb etmək üçün mitinq keçirəcəyik . Bu bizim öz konstitusion hüququmuzdur. Mitinq keçirmək və yerin müəyyən olunması üçün Bakı Şəhər İcra Hakmiyyətinə müraciət edəcəyik. Hərçənd ki, biz müraciət etməyə də bilərdik. Çünki, sərbəst toplaşmaq bizim konstitusion hüququmuzdur. Lakin  biz öz təhlükəsizliyimi təmin etmək və təxribatdan qorunmaq üçün icra hakimiyyətinə müraciət edəcəyik. 10 min nəfərə yaxın insan mitinqə gəlmək üçün bizə müraciət edib. Ola bilsin mitinq iştirakçılarının sayı 10 min nəfərdən də çox olsun. Biz heç mitinq keçirmək fikirndə deyildik. Ümid edirdik ki, bayrama qədər bütün problemlər həll olunar. Lakin heç nə dəyişmədi. Biz yenə də ümidimiz itirməmişik. Ola bilsin mitinq təyin olunan günə qədər problemlərimiz həll oluncaq və mitinqə ehtiyac olmayacaq. Biz bu problemlərin həll olunması istiqamətində ölənə qədər mübarizəmizi davam etdirməyə hazırıq ki, üzərimizdə olan bu qara ləkə götürülsün".

AİP qadınlar şurasının sədri Növrəstə İbrahimova isə konfransda çıxışı zamanı hicab probleminə görə əziyyət çəkən xanımların ünvanladığı suallar qarşısında aciz olduğunu qeyd etdi: "Artıq həmin xanımların göz yaşları bizlər çox narahat edib.  Əgər Quran ən kamil qanun nümunəsidirsə, görəsən hicab qadağasını yaradan məmurlar hansı mənbələrə istinad edirlər?  Mənim sözüm bizim məmurlaradır. Bu gün əgər İslami dəyərləri İngiltərə və Tayland qəbul edib ona hörmətlə yanaşırsa, sən məmurun bu dəyərə qarşı çıxmağının səbəbi nədir?
Hicaba qarşı uzanmış bu əllər ümumilikdə azərbaycan qadınına qarşı xəyanət hesab olunmaldır".

Sonra çıxış edən Gəncə şəhərində yaşayan ruhani Asəf Əliyev Gəncənin durumunun çox ağır olduğunu söylədi.  Artıq Gəncədə müəllimləri dərsə buraxılmadığın deyən ruhani alim, məktəbli şagirdlərin məscidlərə buraxılmadığını söylədi. O, həmçinin dünən 3 nəfər gəncə dindarının heç bir əsas olmadan həbs olunduğunu bildirdi. Gəncə dindarlarının adından danışan Asif Əliyev, canları bahasına olsa belə, mübarizədən geri çəkilməyəcəklərini qeyd etdi. 

  • Yazılıb
  • da (də) 2011 Mar 28