Azerbaijan servsi/Aran agentliyi
ADP mətbuat xidmətindn FaktXeber.com-a verilən məlumata görə, İctimai Palatanın aprelin 2-nə təyin etdiyi kütləvi aksiya ilə əlaqədar həbslər və təqiblər artıq başlayıb. Mitinqin təyin olduğu vaxta hələ bir neçə gün qalsa da ADP Nərimanov təşkilatının fəalı Nazim Abbaslı bu gün evindən rayon polis idarəsinə aparılıb və onun haqqında polisə guya müqavimət göstərdiyinə görə 5 sutka inzibati həbs qərarı verilib. Qərar Nərimanov Rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva tərəfindən qəbul edilib.
Aldığımız məlumata görə Nazim Abbaslı artıq Bakı şəhər Baş Polis İdarəsinin Binəqədidəki saxlama təcridxanasına aparılıb.
Məlumat üçün bildiririk ki, Nazim Abbaslı partiyanın fəal üzvlərindən biri olaraq ADP-nin əvvəllər təşkil etdiyi aksiyalarda seçilənlərdən olub və bu fəaliyyətinə görə dəfələrlə qeyri-qanuni olaraq həbs edilib.
ADP Mətbuat Xidməti bildirir ki, partiya üzvü Nazim Abbaslı haqqında Nərimanov Məhkəməsinin qəbul etdiyi qərar qeyri qanunidir, çünki o, polisə heç bir müqavimət göstərməyib. Ona görə də Nazim Abbaslı haqqındakı qeyri-qanuni qərar dərhal ləğv edilməli və o, azadlığa buraxılmalıdır.