Azərbaycan servisi/Aran agentliyi
“Əgər Azərbaycan hakimiyyəti təhlükəsizlik və müdafiə sektorunda islahatların uğurla aparılmasını istəyirsə, ölkədə hərbi jurnalistikanın inkişafına dəstək verməlidir”. FaktXeber.com-un verdiyi məlumata görə, bunu martın 30-da Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) ofisində keçirilən “Jurnlalistlərin hərbi sahədə əldə olunmuş bilik və bacarıqlarının artırılması: nailiyyətlər, perspektivlər” adlı dəyirmi masada “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi. Qeyd edək ki, “Hərbi Jurnalistlər” İctimai Birliyi tərəfindən reallaşan layihə Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu tərəfindən maliyyələşdirilir.
Üzeyir Cəfərov bildirdi ki, təhlükəsizlik və müdafiə sektorunda islahatların vəziyyəti qənaətbəxş hesab edilə bilməz. “Amma Azərbaycan beynəlxalq təşkilatlar, xüsusilə də NATO ilə əməkdaşlıq çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məhkumdur və bu istiqamətdə hərbi jurnalistlər ordusunun yaradılması ona dəstək verərdi”, - deyə o qeyd etdi.
Ekspert hesab edir ki, ölkədə hərbi jurnalistikanın durumu qənaətbəxş deyil, bu istiqamətdə konkret hazırlıq mexanizmləri yoxdur. Ü.Cəfərov bildirdi ki, vaxtilə SSRİ Silahlı Qüvvələri üçün, ümumilikdə Varşava Müqaviləsi Təşkilatı dövlətlərinin orduları üçün hərbi jurnalistlər Ukraynadakı Lvov Ali Hərbi Siyasi Məktəbində hazırlanırdı. NATO-da isə bu vəzifəni Kanada dövləti öz üzərinə götürüb. “Azərbaycanda isə təəssüf ki, bu işlə nə hərbi məktəblər, nə də mülki məktəblər məşğuldur, bu sahə dövlət tərəfindən baxılmamış qalıb”, - deyə o bildirdi.
Ü.Cəfərov bildirdi ki, Azərbaycanda peşəkar jurnalist ordusunun olmaması hərbi sahədə informasiyaların qeyri-peşəkar işıqlandırılmasına səbəb olur. “Mətbuat əksər hallarda ordu proseslərini naşı işıqlandırır, faktlarda qeyri-dəqiqlik olur. Televiziya kanallarındakı hərbi verilişlərin səviyyəsindən isə danışmaq mümkün deyil. Belə görünür ki, xalqla hərbi strukturlar arasında informasiya sahəsində böyük uçurum yaranıb. Bu da sözsüz ki, ordu quruculuğuna zərbə vuran əsas məsələlərdən biridir”, - deyən Ü.Cəfərov müxtəlif güc strukturlarının – xüsusilə, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların mətbuatla əlaqələrinin təkmilləşdirilməsi vacibdir. Onun fikrincə, bu sahədə konkret mexanizm – güc strukturlarının məlumatlandırma strategiyası hazırlanmalıdır.
Ü.Cəfərov ölkədə təhlükəsizlik və müdafiə sektoruna vətəndaş nəzarəti mexanizminin olmamasını hərbi jurnalistikanın inkişafı yolunda ən boyük maneələrdən hesab edir. Onun fikrincə, orduya demokratik nəzarət olan ölkələrdə hərbi jurnalistikanın inkişafı üçün münbit şərait yaranır.
Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) direktoru, ehtiyatda olan polkovnik İldırım Məmmədov hərbi jurnalistikanın inkişafı prosesi ilə bağlı Gürcüstan təcrübəsindən danışdı. Onun fikrincə, bu ölkənin güc strukturları cəmiyyətə intensiv məlumat ötürməkdə maraqlıdırlar. “Biz bu yaxınlarda Gürcüstana səfər çərçivəsində bu ölkənin Müdafiə Nazirliyinə baş çəkdik. Müdafiə Nazirliyinin binası başdan-ayağa şüşədən ibarət idi. Bunun səbəbləri ilə maraqlandıq və onu Gürcüstan ordusundakı şəffaflıqla əlaqələndirdilər. Azərbaycanda isə çox təəssüf ki, güc strukturları ilə cəmiyyət arasında sağlam informasiya mübadiləsi getmir”, - deyə İ.Məmmədov bildirdi. Onun sözlərinə görə, Azərbaycanda güc strukturları əksə hallarda cəmiyyəti informasiya aclığında saxlayırlar, bir çox hallarda informasiya vaxtında verilmir, nəticədə xəbərin aktuallığı “ölür”, fəsadlar yaranır.
“Fikrimcə, bu sövet dövründən qalma vərdişlərdir. Azərbaycan təhlükəsizlk və müdafiə sektorunda islahatların aparıldığı elan edilsə də, bunlar təəssüf ki, məlumatlandırma siyasətinə toxunmur və nəticədə cəmiyyət, ordu quruculuğu və hərbi jurnalistika bundan əziyyət çəkir”, - deyə o bildirdi. İ.Məmmədovun fikrincə, Azərbaycanın təhlükəsizlk və müdafiə sektorunun hazırkı vəziyyəti hərbi jurnalistikanın inkişafını zəruri edir. “Dövlət bu məsələni xüsusi olaraq diqqət mərkəzində saxlamalıdır. Jurnalistlər üçün hərbi toplanışlar, treninqlər, seminarlar keçirilməlidir. 3,5 milyard dollarlıq müdafiə xərclərindən bu istiqamətə vəsait ayrılmalıdır. Dövlət çalışmalıdır ki, onun müdafiə siyasətini işıqlandıracaq jurnalist ordusu həmişə səfərbər olsun. Hərbi sahədə yazan jurnalistlər silah, texnika, hərbi əməliyyatların aparılması qaydaları ilə bağlı həmişə məlumatlı olmalıdırlar”, - deyə İ.Məmmədov vurğuladı.
Onun sözlərinə görə, sovet dövründə hərbi jurnalistikaya münasibət fərqli olub: “Belə jurnalistləri daim təzyiq altında saxlayırdılar. “Düşmən nəyi bilməməlidirsə, onu dostuna da demə” şüarı əsas idi. Amma indi vəziyyət dəyişilib, söz və ifadə azadlığı var. Bu baxımdan müstəqil Azərbaycanda müstəqil hərbi jurnalistikanın inkişaf perspektivləri bəlli olmalıdır”, - deyə o bildirdi. Ekspertin fikrincə, bu gün Azərbaycanda jurnalistləri ona görə hərbi hissələrə buraxmırlar ki, onlar neqativ hadisələrdən yazacaqlar, bu isə məmurların şəxsi maraqlarına zidd ola bilər. “Məhz həmin məmurlar cəmiyyətin inkişafında “tormoz” funksiyasını yerinə yetirirlər”.
Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının prezidenti, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli Azərbaycanda hərbi jurnalistika sahəsində müəyyən nailiyyətlərin olduğunu qeyd etdi. Onun fikrincə, bu gün Müdafiə Nazirliyinin “Hərbi Bilik” jurnalı, “Azərbaycan Ordusu” qəzeti, Daxili Qoşunların “Əsgər” qəzeti, Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” qəzeti dərc olunur. “Amma bu nəşrlərdə əksini tapan məlumatlar əsasən rəsmi xəbər statusunda olur, hər hansı problematika ilə bağlı müzakirələr yoxdur. Hesab edirəm ki, bu qəzetlərdə təkmilləşdirilmələrin aparılması zəruridir”, - deyə o bildirdi.
Ekspertin fikrincə, Azərbaycanda hərbi jurnalistika sahəsində vətəndaş cəmiyyəti daha irəli gedib. Belə ki, 1999-cu ildən başlayaraq ölkədə dərc olunan qəzetlərdə hərbi sahəyə maraq artıb, xəbərlər, təhlillər və şərhlər dərc olunub. Amma bu proses müstəqil hərbi KİV-in yaradılması ilə nəticələnmədi. “MilAz” İA və milaz.info saytlarının fəaliyyətindən danışan Y.Cəfərli bu informasiya qurumlarının ölkədə hərbi jurnalistikanın inkişafına ciddi təsir göstərdiyini qeyd etdi. Eyni zamanda o, ölkədə hərbi sahə ilə məşğul olan jurnalistlərin azlığından gileyləndi. Onun fikrincə, bu gün ölkədə bu sahə ilə cəmi bir neçə nəfər məşğul olur.
“İndi Azərbaycan hərbi jurnlaistikasında tənəzzül dövrü gedir. Bunun müxtəlif səbəbləri var, hərbi sahədə yazan jurnalistlərə təzyiqlər edilir, onlar məhkəməyə verilirlər, həm də yerli və xarici donorlar bu sahənin inkişafına qrant ayırmaqda maraqlı deyil. Yaxın perspektivdə bu sahədə hər hansı irəliləyiş də gözləmirəm”, - deyə o bildirdi.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinlinin fikrincə, bu gün Azərbaycanda hərbi jurnalistikanın inkişafına mənfi təsir edən məqamlar aşağıdakılardan ibarətdir:
- Azərbaycanın hərbi-siyasi prioritetlərinin bəlli olmaması və bu çərçivədə ordu quruculuğu hədəflərinin qeyri-dəqiqliyi;
- Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması və bu çərçivədə Azərbaycanda hərbi jurnalistikanın daha çox ölkə rəhbərliyinin müharibə bəyanatlarına köklənməsi.
C.Sümərinli hesab edir ki, bu iki səbəb yerli və xarici donorları Azərbaycanda hərbi jurnalistikanın inkişafına dəstək göstərmələrini ləngidir: “Dövlət rəhbərliyi istəmir ki, hərbi-siyasi prioritetlərinin seçilməsində hərbi media ona təsir etsin. Xarici donorlar isə istəmirlər ki, ayırdıqları vəsait Azərbaycanda müharibə təbliğatının inkişafına yönəlsin. Məncə bu iki məsələ həllini tapmayınca, Azırbaycanda hərbi jurnalistikanın inkişafına dövlət səviyyəsində müsbət yanaşılmayacaq”, - deyə o bildirdi.
Eksperin fikrincə, detallı olaraq bu gün Azərbaycanda hərbi jurnalistikanın inkişafına aşağıdakı məsələlər mane olur:
1) Ordu sahəsində araşdırmalara məmur təzyiqləri;
2) Qanunvericiliyin qeyri-aydın və qeyri-təkmil olması;
3) İnformasiya əldə etmək imkanlarının məhdudluğu, güc strukturlarının qapalılığı;
4) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkədə hərbi sahədə məlumatların yayılmasına qeyri-rəsmi senzuranın olması və eyni zamanda jurnalistlərin daxili senzurası;
5) Hərbi jurnalistikanın inkişafına dövlət sifarişinin olmaması;
6) Redaksiyadaxili problemlərin olması və jurnalistlərin hərbi sahədə araşdırmalarının dərc edilməmə təhlükəsi;
7) Hərbi jurnalistlərin maddi təminatı, hərbi sahədə araşdırmaların yüksək qiymətə satılmaması və s.
C.Sümərinli bildirdi ki, ölkədə hərbi sahədə jurnalistikanın inkişafı üçün ATMİA adından QHT-lərə Dövlət Dəstəyi Şurasında və KİV-ə Dövlət Dəstəyi Foduna xüsusi müraciət olunmalıdır. Bu qurumlara təklif edilməlidir ki, onların elan etdikləri qrant istiqamətləri arasında Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun vəziyyətinin araşdırılmasına dair bəndlər salınsın. “Bu reallaşsa, ölkədə hərbi jurnalistikanın inkişafına ciddi təkan ola bilər” deyə o qeyd etdi.
“Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyi idarə heyətinin üzvü Tərlan Eyvazovun fikrincə isə, əgər dövlət işğal olunmuş torpaqları geri qaytarmaq niyyətindədirsə, onda ölkədə hərbi jurnalistikanın inkişafına diqqət daim olmalıdır.