Tarix : 2011 Apr 01
Kod 22137

Azərbaycan qaynamağa başladı

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ənənəsinə sadiq qalaraq İctimai Palatanın mitinqinə razılıq verməyib
Azerbaijan servsi/Aran agentliyi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ənənəsinə sadiq qalaraq İctimai Palatanın mitinqinə razılıq verməyib. BŞİH İctimai Palatanın aprelin 2-də də “Nərimanov” kinoteatrının qarşısında mitinq keçirilməsi üçün etdiyi müraciətə demək olar ki, “yox” deyib. Cavab məktubunda yazılıb ki, BŞİH bu meydanda aksiya keçirilməsini məqsədəuyğun saymır.


İctimai Palatanın yaratdığı Mitinq Komitəsinin üzvü Tofiq Yaqublunun “Yeni Müsavat”a verdiyi məlumata görə, BŞİH buna səbəb kimi həmin ərazidə nəqliyyatın intensiv hərəkəti və mitinqçilərin təhlükəsizliyinə təminat verilməsinin mümkün olmadığını göstərib. Meriya mitinqin Bibiheybətdə, sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsini təklif edib. Əvvəlcədən də məlumat verdiyimiz kimi, bu ərazi olduqca bərbaddı, şəhərdən və nəqliyyatdan uzaqdır, mitinqlər üçün uyğun deyil.
Bu səbəbdən də İctimai Palatanın Koordinasiya Şurası meriyanın təklifi ilə razılaşmayaraq bəyan edib ki, aprel mitinqi şəhərin mərkəzindəki Fəvvarələr meydanında keçiriləcək: “Biz icra hakimiyyətinə məktubumuzda da xəbərdarlıq etmişdik ki, mitinqə normal yerdə şərait yaradılmayacağı halda aksiyanı şəhərin mərkəzindəki Fəvvarələr meydanında keçirəcəyik. Bu fikrimizdə və qərarımızda qalırıq”.
T.Yaqublu həmçinin bildirdi ki, BŞİH-nin cavabı qanunsuzdur: “Bu cavab konstitusiyanın və "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun konkret maddələrinin pozulmasıdır. Qanuna görə, aksiyanın yerini və vaxtını təşkilatçılar müəyyən edir. İcra hakimiyyəti sadəcə göstərilən ünvanda şərait yaratmağa borcludur. Bu cavab faktiki olaraq İctimai Palataya mitinq keçirmək üçün rəsmi icazə verilməməsi anlamına gəlir. Təklif edilən stadion kütləvi aksiya keçirmək üçün yararlı deyil, üstəlik, nəqliyyat qovşaqlarından kənardadır”.

İctimai Palataya üzv olmayan partiyalar da mitinqə qoşulacaq

Qeyd edək ki, meriyanın cavabı daxil olandan dərhal sonra İctimai Palatanın rəhbərliyi toplaşaraq yaranmış vəziyyəti müzakirə edib. Toplantıda qərara alınıb ki, sanksiyalaşdırılmamış aksiya keçirilsin. Aksiya məkanı kimi Fəvvarələr meydanının üzərində dayanılıb. Dünən günün ikinci yarısı İP-in Koordinasiya Şurasının da toplantısı keçirilib.
KXCP İdarə Heyətinin üzvü Ədalət Yusibovun sədrliyi ilə keçirilən toplantıda 2 aprel mitinqinə hazırlıq məsələsi geniş müzakirə edilib. Ə.Yusibovun verdiyi məlumata görə, mitinqə hazırlığın səviyyəsi normal qiymətləndirilib.
Mitinqin Fəvvarələr meydanında keçirilməsi qərarı verilib: “Hakimiyyət aprelin 2-də ”Nərimanov" kinoteatrının qarşısında İctimai Palatanın mitinq keçirməsinə icazə vermədiyinə görə Koordinasiya Şurası həmin gün saat 14-də Fəvvarələr meydanında aksiya keçirilməsini məqbul hesab edir. Şura üzvləri Fəvvarələr meydanında mitinq keçirilməsini dəstəklədilər. 2 aprel mitinqi yalnız siyasi partiyaların, ictimai təşkilatların aksiyası deyil, ümumxalq mitinqidir. Mitinqə İctimai Palatanın üzvü olmayan Ümid, Demokrat, Vətəndaş Həmrəyliyi, Liberal, Liberal Demokrat partiyaları da dəstək verirlər".

“2 aprel hamılıqla meydanda olaq!”

AXCP Gənclər Komitəsi isə dünən ölkə gənclərinə çağırış edib. Hamını 2 aprel aksiyasına dəvət edən təşkilatın yaydığı məlumatda deyilir ki, mitinq ölkədəki ədalətsizliyə və onu yaradan hakimiyyətə qarşı keçirilir.
Müraciətdə deyilir: “Əziz vətəndaşımız! İctimai Palata 2 aprelə ümumxalq mitinqi təyin edib. Bu mitinq bizi taqətdən salan yalana, talana, işsizliyə, dərəbəyliyə, ədalətsizliyə və Qarabağsızlığa qarşı keçirilir. Bizə zülm edənlərə öz etirazımızı göstərməyin zamanı gəldi. Ərəblərdən əskik deyilik. Biz çoxuq, zülmkarlarsa azdır. Biz haqlı, onlarsa haqsızdırlar. 2 aprel saat 14:00-da hamılıqla Fəvvarələr meydanında olaq!!!"
Ümid Partiyası da bəyanat verərək hakimiyyəti etiraz aksiyasına şərait yaratmağa çağırıb. Partiya mitinqlər öncəsi fəalların həbsini pisləyib, müvafiq orqanlardan bu prosesi dayandırmalarını tələb edib.

Onlarla gənc fəal həbs olundu

Artıq 2 aprel mitinq öncəsi hakimiyyət repressiyalara və həbslərə start verib. Martın 29-da ADP-çi gənc Nazim Abbaslının həbsi ilə başlayan repressiyalar dünən kütləvi şəkildə davam edib. Dünən səhər saatlarından etibarən gənc fəallar Rövşən Nəsirli, Təbriz Önər, Xalid Amanlı polis tərəfindən saxlanılıb. Xalid Amanlı Yasamal Rayon Polis İdarəsinin 29-cu bölməsində saxlanılır. Təbriz Önər Səbayel Rayon Məhkəməsinin qərarı ilə 5 sutka həbs cəzası alıb.
Həmçinin AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseynli və partiya sədri Əli Kərimlinin mühafizə qrupunun rəhbəri Kərim Mehdiyev saxlanılaraq polis idarəsinə aparılıblar. İlham Hüseynliyə 7 sutka həbs verilib.
Müsavat Partiyası Gənclər Təşkilatının üzvlərindən Elçin Səlimov evindən Sumqayıt şəhər 3-cü polis bölməsinə aparılıb. Polis bölməsinin rəisi Elçin Səlimovdan mitinqdə Sumqayıtdan neçə nəfərin iştirak edəcəyini soruşub və sonra həmin gün səhərdən çıxışı bağlayacaqlarını bildirib. Elçin Səlimov Sumqayıt Şəhər Məhkəməsinə aparılıb və ona 7 sutka həbs cəzası verilib.
Digər fəal Rauf Məmmədov isə Nəsimi Rayon Polis İdarəsinə aparılıb. İctimai Palatanın üzvü, deputatlığa keçmiş namizəd İbrahim Əhmədzadə də Sumqayıt Polis İdarəsinə aparılıb. Rəis müavini Azər Cahangirov ona mitinqə getməmək barədə xəbərdarlıq edib və 2 saat saxlandıqdan sonra sərbəst buraxılıb. Lakin sonra yenidən Sumqayıt Şəhər Məhkəməsinə aparılıb.
AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev həbs olunaraq Nizami Rayon Polis İdarəsinin 25 saylı polis bölməsinə aparılıb. Ona ictimai asayişi pozmaq bəhanəsi ilə inzibati cəza kəsilib.

Bölgələrdə də müxalifətçilər saxlanılıb

KXCP Ağsu rayon təşkilatının sədri, 2010-cu il parlament seçkilərində namizəd olmuş Yaqub Babanlı da Ağsu rayonunda polis tərəfindən saxlanılıb. Gənc müsavatçı fəal İdris Əmiraslanlı da polis tərəfindən axtarılıb. Polis onun qeydiyyatda olduğu Gədəbəy rayonunda qohumlarının evinə gedərək axtarıb.
KXCP Samux rayon təşkilatının sədri Tahir Abdullayev də Samux rayon polisinə aparılıb.
Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı həbslərlə bağlı deyerler.org saytına bildirib ki, artıq 37-ci il hadisələri yaşanır: “Baş verənlərə son qoyulmalıdır. Hüsnü Mübarək, bin Əli də bunları etdi. Lakin aqibətlərinin necə olduğu məlumdur. Heç bir izahata ehtiyac duymadan insanları saxlayırlar”.
“Dalğa” Gənclər Hərəkatı Təbriz Önərin həbsini pisləyən bəyanat yayıb. Bəyanatda deyilir ki, T.Önərin etmədiyi bir əmələ görə həbsi Azərbaycanın hüquq sisteminə heç də baş ucalığı gətirmir. Onun dərhal azadlığa buraxılması tələb olunub.
Dünən axşam saatlarında da həbslər davam edib. Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının qardaşı Teymur Abbaslı Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə aparılıb. Ondan T.Abbaslını soruşublar. Sonra isə deyiblər ki, martın 15-də Bakıda Türkiyə vətəndaşları ilə dalaşıb və ondan şikayət var. O isə həmin günü toyunun olduğunu söyləyib. Bir neçə saat sonra onu sərbəst buraxsalar da yaşadıqları ev faktiki olaraq polis mühasirəsinə alınıb.
Dünən Şirvan şəhərində də müxalifətçilərə təzyiqlər olub. Onların bir neçəsi polisə çağırılıb, Vüqar Həsənli adlı müsavatçı isə məhkəmənin qərarı ilə heç bir səbəb olmadan 10 sutkalıq həbs edilib.
Qəzet çapa hazırlanarkən həbslərin davam etdiyi barədə məlumatlar gəlirdi. Lakin bütün bunlara baxmayaraq, İP-də və ondan kənarda olan Azərbaycan müxalifətinin mitinq hazırlıqları davam edirdi. Azərbaycan demokratlarının 11 və 12 martda başlatdığı etiraz aksiyalarının 2 apreldə xüsusi səviyyəyə qalxacağı gözlənilir. Təsadüfi deyil ki, iqtidar bu prosesdən ciddi şəkildə əndişələnib və çox ciddi səhvlərlə müşayiət olunan anlamsız addımıara əl atır. Bu addımlardan biri də AXCP sədri Əli Kərimlinin evinin qarşısında öyrədilmiş tələbələrin aksiyasının təşkilidir. Azərbaycanın son illərdəki tarixində ölkə iqtidarı milli mentalitetə zidd olan bu cür absurd addımlara əl atmamışdı.
Müxbirimizə İP Koordinasiya Şurasının üzvlərindən biri deyib ki, mitinq son illərin ən möhtəşəm etiraz aksiyası olacaq.
Dünən axşam saatlarında Müsavat Partiyasının qərargahı da polis mühasirəsinə alınıb.

Yeni Müsavat

  • Yazılıb
  • da (də) 2011 Apr 01