2 aprel 2011-ci il tarixli Bakıdakı mitinqdə həbs olunan şəxslərə qarşı qeyri-qanuni hərəkətlər barədə İctimai Palatanın Koordinasiya Şurası bəyanat verib
Azərbaycan servisi/Aran agentliyi
İctimai Palatadan FaktXeber.com-a verilən məlumata görə, 2 aprel 2011-ci il tarixli Bakıdakı mitinqdə həbs olunan şəxslərə qarşı qeyri-qanuni hərəkətlər barədə İctimai Palatanın Koordinasiya Şurası bəyanat verib. İctimai Palatanın çağırışı ilə 2 aprel 2011-ci ildə Bakı şəhərində keçirilən kütləvi aksiyada iştirakına görə həmin gün həbs olunan AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Eldar Hüseynov və AXCP İmişli şöbəsinin gənc fəalı Vüqar Qədirov Səbail rayon Polis İdarəsinə aparılıb.
Polis İdarəsində bu şəxslərin orada saxlanılması faktı gizlədilib. Onların müdafiəsi üçün əlində order olan vəkillərə də yalan məlumat verilərək, bu şəxslərin Polis İdarəsində olması faktı danılıb. Səbail rayon Polis İdarəsində saxlanılaraq sonra sərbəst buraxılan şahidlərin sözlərinə görə, Eldar Hüseynov və Vüqar Qədirova polislər tərəfindən vəhşicəsinə fiziki zor tətbiq edilib, onlar üçün yemək və su qəbul edilməyib. Onların valideynlərindən və vəkillərindən gizlədilməsi aldıqları zədələrin aşkar görünməsi və buna görə də faktın ictimaiyyətə çatdırılmasının qarşısını almaq məqsədi güdür.
Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı barəsində dünən Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs qət-imkan tədbiri hökmü seçilsə də, vəkilinin verdiyi məlumata görə, o, Kürdəxanı qəsəbəsinsdə yerləşən Bakı İstintaq Təcridxanasına aparılmayıb. Yasamal rayon Polis İdarəsində işgəncələrə məruz qaldığı səbəbindən polis idarəsindən şikayət edildiyinə görə Tural Abbaslının vəkili Səbail rayon məhkəməsində proses keçirilən zaman vəsatət qaldıraraq məhkəmə qərarından sonra onun Bakı İstintaq Təcridaxanasına göndərilməsini tələb edib. Buna baxmayaraq, T.Abbaslı yenə də Yasamal rayon Polis İdarəsinə aparılıb.
Vəkilinə onunla görüşmək üçün müxtəlif bəhanələrlə şərait yaradılmasından imtina edilib. Son məlumata görə, Tural Abbaslı Yasamal rayon Polis İdarəsindən çıxarılaraq naməlum istiqamətə aparılıb. Məlumatlar var ki, adları çəkilən bu şəxslərə fiziki zor tətbiq etməklə hansısa etirafedici bir sənədə imza atdırmaq məqsədi güdülür.
İctimai Palatanın Koordinasiya Şurası hesab edir ki, bu cür zorakı metodlarla mitinqçilərin hər hansı bir etirafedici sənədə imza atırmaq istəyi qanuna ziddir və insan haqlarının kobudcasına pozulması deməkdir. İctimai Palatanın Koordiyasiya Şurası bu qanunsuz hərəkətlərə etirazını bildirir və zorakılıq tətbiq edilməsinin təşkilatçı və icraçılarının cəzalandırılmasını tələb edir, yuxarıda adıçəkilən şəxslərin qeyri-şərtsiz olaraq dərhal həbsdən azad olunmasını tələb edir. Bu insanların şəxsiyyətinə hər hansı fiziki və mənəvi zərər vurulmasının məsuliyyəti iqtidarın üzərinə düşür.