Bu barədə FaktXeber.com-a AİP Mətbuat Xidmətinin rəhbəri Akif Heydərli məlumat verib
Azərbaycan servisi/Aran agentliyi
Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan İslam Partiyasının (AİP) Azadlıq meydanında mitinq keçirməklə bağlı müraciətinə müsbət cavab verməyib. Bu barədə FaktXeber.com-a AİP-in Mətbuat Xidmətinin rəhbəri Akif Heydərli məlumat verib. Akif Heydərlinin sözlərinə görə, bu gün verilən cavab məktubunda paytaxt meriyası partiyanın Azadlıq meydanında mitinq keçirmək istəyini qəbul etməyib. Məktubda bildirilib ki, Azadlıq meydanı dövlət tədbirləri üçün nəzərdə tutulduğundan kütləvi etiraz aksiyalarının burada keçirilməsi mümkün deyil. Cavab məktubunda mitinq üçün alternativ yer isə göstərilməyib.
Qeyd edək ki, martın 29-da Azərbaycan İslam Partiyası (AİP) aprelin 8-də paytaxtın Azadlıq meydanında və ya Parlament binasının qarşısında mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.
Xatırladaq ki, mitinqin keçiriliməsində əsas məqsəd aksiyada Qarabağın işğaldan azad edilməsi, hicaba qadağanın ləğvi və vicdan məhbuslarının azadlığa buraxılması idi.