Tarix : 2011 Apr 05
Kod 22211

SƏRDAR CƏLALOĞLUDAN İNQİLAB TARİXİ

Sərdar Cəlaloğlu: ''Kütləviliyi təmin etmədən bu cür aksiyalara getməyi mən düzgün hesab etmirəm. İnqilabi şərait 2013-cü ildə yetişəcək''
Azərbaycan servisi/Aran agentliyi

"50-100 min adam meydana çıxsa, iqtidar nəinki polisi, Azərbaycan ordusunu da bütünlüklə küçəyə çıxarsa, öz hakimiyyətini qoruya bilməz"

Aprelin 2-də İctimai Palatanın təşəbbüsü ilə son illərin ən kütləvi və səsli-küylü etiraz aksiyası reallaşdırıldı. Meriya mitinq təşkilatçılarına istədikləri yeri ayırmaqdan imtina etdiyinə görə «Fəvvarələr» Meydanını seçən mitinqçilər sözün həqiqi mənasında hakimiyyətə çox çətin anlar yaşatdılar. Hakimiyyətin bütün resursları səfərbər etməsinə baxmayaraq, çox çaşqın vəziyyətə düşdüyü aydın sezildiyindən çoxları üfüqdə inqilabın olacağı ehtimalını səsləndirməkdədirlər. Son illərin ən izdihamlı mitinqlərinin təşkilatçısı və icraçısı kimi Azərbaycan siyasi səhnəsinə öz damğasını vurmuş ADP sədri Sərdar Cəlaloğlu isə razılaşdırılmamış 2 aprel mitinqinin inqilabın «ayaq səsləri» kimi qiymətləndirilməsini tələskənlik adlandırır. Onunla söhbəti oxucuların mühakiməsinə veririk:
- Təbii ki, Azərbaycanda bu qəbildən olan mitinqlər dəfələrlə keçirilib. İstər 2003-2005-ci illərdə, istərsə də ondan əvvəlki dövrlərdə Azərbaycan Demokrat Partiyası çoxsaylı izdihamlı mitinqlər keçirib. O dövrdə də ADP-çilər polisin hədsiz vəhşiliyi ilə üzləşiblər və etirazçıların misilsiz dirənişi bütövlükdə cəmiyyətin heyrətinə səbəb olub. Təbii ki, 2 aprel mitinqini inqilabın «ayaq səsləri» kimi qiymətləndirmək olmaz. Çünki inqilablar kortəbiiliyi ilə xarakterikdir. O yerdə ki nizamlanmış təşkilati proses var, bunu inqilabla əlaqələndirmək olmaz. Əgər eyni hadisə təşkil olunmamış şəkildə baş versəydi və rayonlarda da hakimiyyət orqanlarına qabaqcadan xəbər edilmədən spontan etiraz aksiyaları meydana çıxsaydı, biz bunu inqilabın «ayaq səsləri» kimi qəbul edə bilərdik. Bunu sadəcə olaraq Azərbaycanda yeni dönəmin, yeni siyasi fəallığın başlanğıcı kimi qiymətləndirmək olar.

- Aksiyadan dərhal sonra ölkə televiziyaları Avropadakı mitinqlərin polislər tərəfindən hansı üsullarla yatırıldığı səhnəsini nümayiş etdirərək Azərbaycanla paralellər aparır, bizim polislərin etirazçılara hədsiz mülayim davranıldığı iddia edilirdi. Doğrudanmı, qərblilər bizim polislərin humanistliyindən nümunə götürməlidir?
- Bəzən Avropada mitinqçilərin qarşısı ona görə amansızlıqla alınır ki, onlar sonadək getməkdə israrlı görünürlər. Məsələn, tutaq ki, Prezident Aparatına doğru gəlirlər, polislər də yaxşı bilirlər ki, hətta zorakılıq göstərilsə belə, mitinqçilər hökmən Prezident Aparatına girməyə cəhd edəcəklər. Amma bizim müxalifət tutaq ki, şəhərin hansısa onuncu dərəcəli bir meydanında mitinq keçirmək istəyir, hökumət isə buna imkan vermir. Ona görə də onuncu dərəcəli meydanda mitinq keçirilməsinə icazə verilmədiyinə etiraz əlaməti olaraq təşkilatçılar mərkəzi meydana yığışmağa cəhd edirlər. Məqsəd də həmin meydanda hansısa dinc aksiya keçirməkdir. Dünyanın heç bir ölkəsində Bakıdakı kimi «Fəvvarələr» meydanına insanların yığışmasının cəhdinin qarşısı o cür amansızlıqla alınmır. Xaricdə mitinqçilərin cəhdinin qarşısı o yerdə amansızlıqla alınır ki, mitinqçilər dövlət əhəmiyyətli və qanunla mühafizəsi zəruri olan obyektlərə doğru hücuma keçsinlər. «Fəvvarələr» meydanını mühafizə etmək məgər Daxili İşlər Nazirliyinin vəzifəsidir? Yəni o yerdə amansızlıq edilir ki, mitinqçilər artıq dövlətin bilavasitə maraqlarına uyğun ərazilərə girirlər. «Fəvvarələr» meydanı isə Azərbaycan xalqının kütləvi istifadəsinə verildiyi bir məkandır. Ona görə də əhalinin həmin yerə gələrək, öz etirazını bildirməsi nəyə görə amansızlıqla yatırılmalıdır? Ona görə də hökumətin bu cür qanunsuzluqlara bəraət qazandırmasına ehtiyac yoxdur.

- 2003-cü ildən sonra ilk dəfə 2 aprel mitinqində hakimiyyət növbəti təxribata əl ataraq guya, mağaza və bankların şüşələrini, digər obyektlərin vitrinlərini müxalifətçilərin qırdığını iddia etdi…
- «Azadlıq» radiosu həmin faktları lentə alııb və görünür ki, həmin faktlar bankın öz işçiləri və xüsusi adamlar tərəfindən törədilib. Əgər hökumət həmin şüşələri kimin qırdığı ilə maraqlanırsa, buyursun «Azadlıq» radiosunun və digər mətbuat vasitələrinin əlində olan videomaterialları təhqiqata cəlb eləsin.


- Bəzi ekspertlər hakimiyyətin 2 aprel davranışlarını xof və çaşqınlıq kimi qiymətləndirirlər.
- Aydın məsələdir ki, Yaxın Şərqdə baş verən hadisələr Azərbaycan iqtidarındakı bəzi ağıllı adamları əndişəyə salıb. Heç şübhəsiz, onlar da başa düşür ki, Azərbaycan da bu hadisələrdən qaça bilməyəcək. Çünki inqilab baş verən ölkələrdəki şəraitlə Azərbaycandakı mövcud durum tamamilə eynidir. Sadəcə olaraq Azərbaycanda xalq hələ inqilaba hazır deyil deyə, hakimiyyət bu vəziyyətdən sui-istifadə edərək öz zorakılığını göstərir. Mən hesab edirəm ki, 50-100 min adam meydana çıxsa, iqtidar nəinki polisi, heç Azərbaycan ordusunu da bütünlüklə küçəyə çıxarsa, öz hakimiyyətini qoruya bilməz. Ona görə də kütləviliyi təmin etmədən bu cür aksiyalara getməyi mən düzgün hesab etmirəm.

- Elə isə proqnozunuz necədir, xalq nə vaxt inqilaba hazır olacaq?
- Ümumiyyətlə, dünyada heç kim heç vaxt inqilabın nə vaxt başlayacağını proqnozlaşdıra bilməz. Çünki inqilablar kortəbii başlandığına görə heç bir qanunauyğunluğa tabe deyil, eyni zamanda dünyanın heç bir ölkəsindəki inqilab başqa ölkələrdəki inqilaba uyğun şərtlərdə başlamayıb və yaxud uyğun şəkildə gerçəkləşdirilməyib. Mənə elə gəlir ki, Azərbaycanda inqilabi situasiya 2013-cü il prezident seçkiləri ərəfəsində yetişəcək. Bunu bir neçə səbəblə izah etmək olar: birincisi, təbii ki, prezident seçkilərinə hazırlıq dövründə həm siyasi ehtiraslar qızışacaq, həm də hakimiyyətdaxili savaş güclənəcək. İkincisi, Yaponiyada baş verən təbii fəlakət öz dağıdıcı təsirini təxminən 1 ildən sonra göstərəcək və zənnimcə, qlobal iqtisadi böhran yenidən dərinləşməyə başlayacaq. Bu da Azərbaycan kimi avtoritar rejimlərdə xalqın daha da var-yoxdan çıxmasına səbəb olacaq. Xüsusən, onu nəzərdə tuturam ki, Rusiyada keçirilən prezident seçkilərində Medvedyevin qələbəsindən asılı olaraq Azərbaycandakı inqilabi situasiyanı qiymətləndirmək mümkün olacaq. Əgər Medvedyev Rusiyadakı prezidentlik yarışında qələbə çalsa və Rusiyanın demokratikləşməsi ilə bağlı verdiyi vədləri yerinə yetirsə, keçmiş SSRİ məkanındakı ölkələrin hamısında inqilabi dəyişikliklər qaçılmaz olacaq. 

  • Yazılıb
  • da (də) 2011 Apr 05