Avropa İttifaqı Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə dair yeni bəyanatla çıxış edib
Azərbaycan servisi/Aran agentliyi
Avropa İttifaqı Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə dair yeni bəyanatla çıxış edib. Bəyanat aprelin 7-də ATƏT-in Daimi Şurasının Vyanadakı toplantısında qəbul olunub. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.
Bəyanatda Avropa İttifaqı Bakıda gənc fəalların tutulmasına dair martın 17-də verdiyi bəyanatını xatırladır və Azərbaycanda fundamental azadlıqlara hörmətlə yanaşma sahəsində çatışmazlıqların davam etməsindən çox narahat olduğunu vurğulayır.
Daha sonra Avropa İttifaqı Bakıda aprelin 2-də keçirilən dinc nümayişin sistematik olaraq dağıdılmasından, xeyli iştirakçının saxlanmasından və lazımi hüquqi müdafiə olmadan dərhal inzibati cəzaya məhkum edilməsindən narahatlığını ifadə edir: “Bəzi jurnalistlərin nümayişə dair məlumat vermələrinin və çəkiliş aparmalarının qarşısı alınıb, dörd jurnalist müvəqqəti həbs olunub. Bundan əlavə, müxalifət partiyasının üzvləri nümayiş başlamazdan əvvəl həbs ediliblər və ya ev dustaqlığında saxlanılıblar. Bu dinc hərəkatın həyata keçirilməsi ilə bağlı bəzi şəxslər cinayət pozuntularına görə ittiham ediliblər. Biz Azərbaycanın hakimiyyət qurumlarını bütün əlaqədar şəxsləri dərhal azad etməyə çağırırıq”.
Bəyanatında Avropa İttifaqı Azərbaycanı jurnalistlərin sərbəst fəaliyyət göstərməsinə zəmanət verməyə, onların təhlükəsiz şəraitdə işləmələrinə şərait yaratmağa çağırır: “Bu kontekstdə “Azadlıq” qəzetinin müxbirləri Seymur Həziyevi martın 26-da, Ramin Dekonu aprelin 4-də naməlum şəxslərin qəddarlıqla döyməsindən narahatıq. Biz birinci hadisəyə dair ATƏT-in media azadlığı üzrə nümayəndəsinin bəyanatını dəstəkləyirik, Azərbaycanın hakimiyyət qurumlarını bu halları ifşa etməyə, jurnalistlərə qarşı törədilən zorakılığın günahkarlarını ədalət mühakiməsinə cəlb etməyə və gələcəkdə bu cür halların qarşısını almağa çağırırıq.
Bu hadisələr sərbəst toplaşma azadlığı, ifadə azadlığı və media azadlığı sahələrində Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərinə ziddir və bunu Astana zirvə toplantısında bütün iştirakçı dövlətlər bir daha təsdiqləyib. Biz ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıya son səfəri zamanı səsləndirdiyi, hər bir demokratik dövlət üçün sərbəst toplaşma azadlığının mühüm olduğuna dair bəyanatını xatırladırıq. Biz Azərbaycanı demokratik islahatları davam etdirməyə çağırırıq.
ATƏT, Avropa Şurası və Avropa İttifaqının müəyyən etdiyi dəyərləri rəhbər tutaraq Avropa İttifaqı Azərbaycanda gələcək islahatların aparılmasında göstərdiyi dəstəyi davam etdirməyə hazırdır”.
Bəyanatın sonunda Avropa İttifaqı Azərbaycanla əlaqələrin intensivləşdirilməsinə verdiyi əhəmiyyəti xatırladır, Azərbaycan hökumətini “Şərq tərəfdaşlığı” Proqramı və Avropa Qonşuluq Siyasəti çərçivəsində təklif olunan imkanlardan tam istifadə etməyə çağırır.