Tarix : 2011 Apr 10
Kod 22289

AZƏRBAYCANI QASIRĞA VURDU

Azərbaycanın Qərb, Mərkəzi Aran və Cənub bölgəsində qasırğa baş verib
Azərbaycan servisi/Aran agentliyi

Azərbaycanın Qərb, Mərkəzi Aran və Cənub bölgəsində qasırğa baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, respublika ərazisində əsən güclü cənub-qərb küləyi artıq şimal-qərb küləyinə keçib: “Bununla əlaqədar respublikanın bir çox ərazilərində - Qazax, Gəncə, Şəmkir, Naftalan, Lənkəran, Astara, Lerikdə, Mərkəzi Aran rayonlarında güclü külək müşahidə edilib. Artıq bu gün gündüzdən başlayaraq, Bakı və Abşeron yarımadasında cənub-qərb küləyi şimal-qərb küləyinə keçib”.(APA)
A. Verdiyev deyib ki, Bakı və Abşeron yarımadasında ən güclü külək Biləcəridə baş verib: “Səhər saatlarının məlumatına əsasən, Biləcəridə cənub-qərb küləyinin sürəti saniyədə 23-25 metr olub. Artıq külək gündüz şimal-qərb küləyinə keçib. Küləyin sürəti saniyədə 25-30 metrə çatıb”.
A. Verdiyevin sözlərinə görə, küləyin istiqaməti gündüzdən başlayaraq dəyişsə də, hazırda güclü qərb küləyi müşahidə edilir.
Nazirlik rəsmisi deyib ki, hazırda Bakı və Abşeron yarımadasında müşahidə edilən şimal-qərb küləyi gecə yenidən cənub-qərb küləyi ilə əvəzlənəcək. Sabah gündüz külək yenidən şimal-qərb küləyinə keçəcək: “Şimal-qərb küləyi artıq gecəyə doğru mülayimləşəcək. Sabah külək Bakı və Abşeron yarımadasında cənub-qərb küləyinə keçəcək, arabir güclənəcək, axşam külək yenidən şimal-qərb küləyinə keçəcək və mülayimləşəcək. Artıq bu gecə əsəcək cənub-qərb küləyinin sürəti bu gün ərzində müşahidə edilən cənub-qərb küləyinin sürətindən nisbətən az olacaq”.  

  • Yazılıb
  • da (də) 2011 Apr 10