Azərbaycan Respublikası Dəyərlər saytı bir daha QMİ sədrini məktəblərdə hicab qadağasını ləğv etmək üçün səy göstərməyə çağırdı
Azərbaycan servisi/Aran agentliyi
Azərbaycan Respublikası Dəyərlər saytı bir daha QMİ sədrini məktəblərdə hicab qadağasını ləğv etmək üçün səy göstərməyə çağırdı.
" ŞEYX, BALALARIMIZ NƏ ETSİN?!" adlı məqalədə Əbazər Əhmədli Dəyərlər saytında yazır : " Bu yaxınlarda QMİ sədrinin Kabardino-Balkariyada bir məscid tikintisində yardımçı olduğunu göstərən kadrlara baxmışdım. Doğrusu, ölkəmizdə də A.Paşazadənin buna bənzər addımlarına rast gəlmişdik. Azan qadağasında, məscidəfobiyada onun spesifik addımları ölmuşdu. Lakin indi, dünyada cürbəcür məsələləri yoluna qoyan şeyxin öz ölkəsində hicab qadağasına dözməsini, loyal yanaşmasını heç cür anlamaq olmur. Onun ABŞ-ın söz keçirə bilmədiyi Rusiyada sözü keçdiyi halda, Qafqaz və bir sıra bölgələrdə sərbəst təmaslara malik olan Paşazadənin öz ölkəsində belə mövzularda sözünün eşidilməməsi heç şübhəsiz ki, utancvericidir. Bəs adama nə deyərlər? QMİ sədri öz ölkəsində toleyrantlığın çiçək açdığını, gülüstana çevrildiyini deyir, əhalisinin 95%-i müsəlman olan ölkəsində inanc əhli öz etiqadını azad yaşaya bilmir. Hərdən düşünürəm, görəsən şeyxin yaxınları necə, onlar da təhsildən kənardadırmı?"
Məqalə müəllifi əlavə edib : " Bu yaxınlarda qonşularımdan birinin xanımı çox acınacaqlı faktı danışdı. Qızını hicab taxdığı üçün məktəbdən çıxarıblar. Direktor uşağın anasına zəng edərək deyib: "İmtanlara az qalır, uşaq 2 ay da gəlməsə sinifdə qalacaq". Anası isə fəryad edirdi ki, uşaq əlaçı idi, indi isə sinifdə qalacaq. Sizdən sorüşüram, cənab şeyx, axı niyə? Cənab, Paşazadə, bu balaların günahı nədir ki, təhsil müəssisələrində belə şikəst edilir? Siz deyin, cənab şeyx, balalarımız nə etsin?"