Tarix : 2011 Apr 12
Kod 22328

ADP ÖLKƏDƏKİ HƏBS DALĞASINI PİSLƏDİ

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
Azərbaycan servisi/Aran agentliyi

ADP mətbuat xidmətindənFaktXeber.com-a verilən məlumata görə, bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və partiya həyatına aid bir sıra məsələlər əsas müzakirə obyekti olub. İlk növbədə Yunanıstan prezidentinin ölkəmizə səfərinin nəticələrinə diqqət çəkən İdarə Heyəti üzvləri iki ölkə arasında qarşılıqlı dostluq və əməkdaşlıq baxımından bu səfərin əhəmiyyətini qeyd etsə də, türk dünyasına qarşı Ermənistanla həmrəy siyasət yeridən bu ölkə ilə əldə edilən qaz anlaşmasını qardaş Türkiyənin regiondakı nüfuzuna mənfi təsir etməsi və Azərbaycanın  beynəlxalq siyasətdə təklənməsi baxımından məqbul hesab etməyib və hakimiyyəti bu cür anlaşmalarda siyasi mövqeləri ölkəmizlə üst-üstə düşən qardaş Türkiyə ilə vahid mövqedən çıxış etməyə çağırıb.

İdarə Heyəti üzvləri mədəniyyətlərarası dialoq çərçivəsində Bakıda keçirilən tədbirin ümumbəşəri mədəniyyətin inkişafına və ayrı-ayrı etnik və dini mədəniyyətlərin yaxınlaşaraq vahid insani mövqedən çıxış etməsinə töhfə olacağına əminliyini ifadə edib. Eyni zamanda tədbirə qatılan xristian dünyasının təmsilçisi olan nümayəndələrin işğal olunmuş  ərazilərimizdə maddi və mədəniyyət abidələrimizi yerlə-yeksan edən erməni vandalizminə qarşı susqunluq  nümayiş etdirməsini pisləyən partiya yetkililəri bu cür tədbirlərin formal deyil, mədəniyyətlərin qoruması kimi ali məqsədə xidmət edən mahiyyət üzrə keçirilməsinin tərəfdarı olduğunu bəyan edib. Aprelin 2-də keçirilən dinc aksiyalara bir daha münasibət bildirən İdarə Heyəti üzvləri mitinq zamanı və ondan sonrakı dövr ərzində islami kəsim də daxil olmaq şərti ilə aparılan həbsləri qətiyyətlə pisləyib, onların dərhal azadlığı buraxılmasını və dinc aksiya iştirakçılarına qarşı zorakılıq tətbiq edən hüquq mühafizə orqanları əməkdaşlarının cəzalandırılmasını tələb edib.

İdarə Heyəti üzvləri YAP gəncləri və funksionerləri adı altında Müsavat partiyasının qərargahı qarşısında təşkil edilən aksiyaların yolverilməz olduğunu bildirib və bu neqativ halların sonucda vətəndaş qarşıdurmasına gətirib çıxara biləcəyindən narahat olduğunu diqqətə çatdırıb.

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun böyük bir tərkibdə İctimai Palata üzvləri ilə keçirdiyi görüşə münasibət bildirən partiya rəsmiləri bu faktın Azərbaycanda gedən proseslərə Qərbin biganə qalmaması kimi dəyərləndirib, eyni zamanda Qərb strukturlarını bununla qənaətlənməməyə, hakimiyyətdən siyasi islahatlar keçirməyi tələb etməyə və daha geniş spektrdə müxalif kəsimlə ciddi əməkdaşlıq etməyə çağırıb.

İdarə heyəti üzvləri ABŞ Departamentinin Azərbaycanda insan haqları və demokratiya ilə bağlı son açıqlamasını təqdir edib, ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən, söz, mətbuat, sərbəst toplaşma, siyasi plürallıq, qanunun aliliyi və digər konstitusion hüquqların pozulmasını özündə ehtiva edən hesabatın reallığı əks etdirdiyini bildirib və Azərbaycan hakimiyyətini Dağlıq Qarabağ məsələsində onun mövqeyinin möhkəmlənməsinə xidmət etməyən bu nöqsanların aradan qaldırılmasına və ölkəmizin demokratik imicinin qorunmasına doğru addımlar atmağa çağırıb. 

  • Yazılıb
  • da (də) 2011 Apr 12