Azərbaycan Respublikası Cümə İcmasının sədri Hacı İlqar İbrahimoğlu son dövrlərdə Azərbaycanda Quran buyuruşlarına qadağalar tətbiq olunmasını tənqid edib
Azərbaycan servisi/Aran agentliyi
Azərbaycan Respublikası Cümə İcmasının sədri Hacı İlqar İbrahimoğlu son dövrlərdə Azərbaycanda Quran buyuruşlarına qadağalar tətbiq olunmasını tənqid edib.
Hacı İlqar İbrahimoğlu İctimai Palatanın son iclasında qeyd edib ki, bu günlərdə Azərbaycanda forum keçirilib və orada belə bir sual verilib ki, necə ola bilər ki, Quran yandırılsın? Bəli, çox düzgün qoyulub məsələ və bu mövqe təqdirəlayiqdir.
Hacı İlqar İbrahimoğlu əlavə edib : "
Amma, mən də İP-in tribunasından isifadə edərək, belə suallar vermək istəyirəm: Necə olur ki, son dövrlərdə Azərbaycanda Quran buyuruşlarına qadağalar olur? Necə olur ki, azan qadağan olur? Necə olur ki, məscid sökülür? Necə olur ki, 5 aydır ki, inanclı insanların övladları təhsildən kənarda qalıb? Necə olur ki, Azərbaycanda olan dini çoxluq dini azlıqlar qədər hüquqlara malik deyil? Bütün sahələrdə olduğu kimi, dinə münasibətdə də köklü dəyişikliklər olmalıdır. Çünki bundan başqa yol yoxdur."
Cümə icmasının sədri bildirib : " Bəzən beynəlxalq insan haqları təşkilatları ilə görüş zamanı onlar soruşurlar ki, Azərbaycanda dini etiqadla bağlı, vicdan azadlıqları ilə bağlı vəziyyət nə yerdədir? Biz onlara çatdırırıq ki, Azərbaycanda dini haqlarla bağlı vəziyyət elə siyasi haqlarla olan vəziyyət qədərdir. Artıq insanlar mövcud vəziyyətdə yaşamaq istəmir, insanlar şəxsiyyətli, ləyaqətli yaşamaq istəyir. Bu mübarizənin kökündə də məhz şəxsiyyət, ləyaqət durur. "